ABŞ F-22 “Raptor” qırıcılarını modernləşdirəcək
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) aviasiya parkında yer alan F-22 “Raptor” qırıcılarını daha uzun müddət silahlanmada saxlamaq qərarına gəlib.
“Poliqon” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunun üçün ABŞ HHQ F-22 “Raptor” qırıcılarını modernləşdirmək üçün “Lockheed Martin” şirkəti ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri 10,863 milyard ABŞ dolları təşkil edir.
Müqaviləyə əsasən modernləşdirləcək F-22 “Raptor” qırıcılarının zəruri müasir avadanlıqlarla təchiz edilməsi, həmçinin logistika xidmətləri göstərilməsi planlaşdırılıb.
Layihə üzrə işlərin 31 oktyabr 2031-ci il tarixinədək başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, F-22 “Raptor” qırıcıları sakit və çətin hava şəraitində düşmən təyyarələri ilə mübarizə aparmaq, qoşunları və arxa cəbhə obyektlərini hava zərbələrindən mühafizə etmək, gecə-gündüz düşmənin hava kəşfiyyatına əks-təsir göstərmək üçün təyin edilib.
Rizvan Fikrətoğlu