“Akıncı” PUA “Murad” AESA radarı ilə ilk uçuşunu edib

“Akıncı” PUA “Murad” AESA radarı ilə ilk uçuşunu edib

“Akıncı” pilotsuz uçuş aparatı (PUA) ASELSAN şirkətinin MURAD AESA radarı ilə ilk sınaq uçuşunu həyata keçirib.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkəti məlumat yayıb.

Qeyd edək ki, MURAD AESA radarı Türkiyənin ASELSAN şirkəti tərəfindən yerli və milli imkanlar hesabına inkişaf etdirilib. Onun hazırlanmasında əsas məqsəd Türkiyə Silahlı Qüvvələrinin döyüş təyyarələrini və PUA-larını yerli AESA radarı ilə təchiz etməkdir.

Radarın ilk rəsmi təqdimatı 2022-ci ilin noyabrında ASELSAN şirkətinin Ankaradakı müəssisəsində keçirilən tədbirdə baş tutub. 2024-cü il fevralın ayında MURAD AESA radarı ÖZGÜR layihəsi çərçivəsində modernləşdirilən F-16 qırıcısı ilə ilk uçuşunu edib.

MURAD 100-A radarı AESA arxitekturası sayəsində çevik elektron şüa idarəetmə qabiliyyətinə sahibdir və eyni vaxtda “hava-hava”/”hava-yer” hədəflərinə kilidlənməi mkanları təmin edir. Radar “hava-hava” kilidlənmə qabiliyyətini BVR (Beyond Visual Range) raket idarəetmə bacarığı ilə birləşdirərək günümüzdəki hava müharibələrində oyun dəyişdirici rola sahib olub.

Bu AESA radarı  geniş tezlik diapazonuna, azimut və yüksəklikdə elektron şüa yönləndirmək imkanına, rəqəmsal şüa yaratmaq bacarığına və digər xüsusiyyətləri özündə birləşdirir.

“Hava-hava” rejimində radar raket rəhbərliyi, hərtərəfli axtarış (All-Aspect Search), yüksək aspektdən axtarış (High Aspect Search), çoxlu hədəf izləmə (Multiple Target Tracking) və çoxlu çevik hədəf izləmə (Multiple Agile Target Tracking) funksiyalarını yerinə yetirir.

Bundan başqa, “hava-yer” rejimində Strip Map / Spotlight SAR, GMTI (Ground Moving Target Indication), GMTT (Ground Moving Target Tracking), GMSTT (Ground Moving Single Target Tracking), yer xəritəsinin çəkilməsi, sabit hədəf izləmə və “hava-yer” arasındakı məsafənin ölçülməsini həyata keçirir.

ASELSAN-ın MURAD 100-A AESA radarı Türkiyə müdafiə sənayesinin istehsalı olan bu aviasiya vasitələrinə inteqrasiya edilə biləcək: KAAN və HÜRJET təyyarələrinə; “Akıncı” pilotsuz uçuş aparatına; “Bayraktar KIZILELMA” və ANKA III pilotsuz döyüş təyyarələrinə; ÖZGÜR layihəsi çərçivəsində modernləşdirilən F-16 qırıcılarına.

CATEGORIES
TAGS