Almaniya və ABŞ şirkətləri NATO-nun PUA proqramı çərçivəsində əməkdaşlıq edəcək
Almaniyanın “Rheinmetall” və ABŞ-ın “AeroVironment” şirkətləri NATO Xüsusi Təyinatlı Qüvvələrinin kiçik ölçülü pilotsuz uçuş aparatı (PUA) proqramında birgə çalışacaq.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, proqramla bağlı işlər şirkətin ABŞ-da fəaliyyət göstərən “Rheinmetall Technical Publications” müəssisəsi tərəfindən yerinə yetiriləcək.
Kiçik ölçülü PUA proqramına əsasən, tələb edilən platforma bütün ətraf mühit şəraitində işləmə qabiliyyətinə, qısa müddət ərzində hazır vəziyyətə gətirilmə bacarığına, əllə buraxıla bilmə funksiyasına, maksimum 10 kiloqram ağırlığa və 30 kilometr əməliyyat mənzilinə malik olmalıdır.
Bildirilib ki, bununla bağlı şirkətlər “Puma 3 AE” PUA-sı üzərində birgə təkmilləşdirmə işləri aparacaq.
“AeroVironment” şirkətinin istehsal etdiyi kiçik ölçülü “Puma 3 AE” PUA kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub. Əllə buraxıla bilən PUA 2.8 metr qanad açıqlığına və 1.4 metr gövdə uzunluğuna sahibdir.
“Puma 3 AE”nin havada qalma müddəti 2.5 saat və ağırlığı 7 kiloqramdır. 20 kilometr uçuş məsafəsinə malik olan PUA-nın əməliyyat mənzili xüsusi LRTA sistemləri (Long Range Tracking Antenna) vasitəsilə 60 kilometrə qədər artırıla bilər.