
Türkiyənin ASELSAN şirkəti sualtı hədəflərin aşkarlanması, izlənməsi və təsnifatı üçün nəzərdə tutulan ASELBUOY P sonobuoy sisteminin seriyalı istehsalına başlayıb.
Bu barədə “Poliqon”a ASELSAN şirkətinə istinadən xəbər verib.
ASELSAN tərəfindən hazırlanmış ASELBUOY 100 P sualtı hədəflərin aşkarlanması üçün nəzərdə tutulmuş passiv istiqamətləndirici sonobuoy sistemidir. Sistem dəniz patrul təyyarələrindən, pilotsuz uçuş aparatlarından (PUA), suüstü insansız dəniz aparatlarından (İDA) və suüstü gəmilərdən buraxıla bilir.
ASELBUOY 100 P NATO-nun “A” ölçülü sonobuoy standartına uyğun hazırlanıb. Hava və suüstü platformalardan buraxıldıqdan sonra sistem paraşüt vasitəsilə dəniz səthinə enir. Suya daxil olduqdan sonra onun sualtı və səth komponentləri açılır. Sualtı hissədə akustik sensorlar, səth hissəsində isə idarəetmə və rabitə avadanlıqları yerləşir.
Sonobuoy 5-2400 Hz tezlik diapazonunda akustik məlumatların toplanmasını təmin edir. Sistem iki müxtəlif formada – həm hərtərəfli, həm də istiqamətli akustik məlumatları qəbul edə bilir. Toplanan məlumatlar VHF antenası vasitəsilə hava və suüstü platformalara ötürülür.
Sistem məlumatların ötürülməsi üçün 136-173,5 MHz diapazonunda fəaliyyət göstərən 96 seçilə bilən VHF kanalından istifadə edir. VHF ötürücüsünün nominal çıxış gücü 1 Vt təşkil edir. Sonobuoyun əsas vəzifəsi sualtı qayıqların akustik siqnallarını passiv üsulla aşkar etməkdir.
ASELBUOY 100 P-nin VHF rabitə kanalı, iş dərinliyi və fəaliyyət müddəti buraxılışdan əvvəl EFS (Electronic Function Select) interfeysi vasitəsilə proqramlaşdırıla bilir. Sistem 0,5, 1, 2, 4 və 8 saat müddətində fəaliyyət göstərə bilər.
Sonobuoy buraxıldıqdan sonra isə UHF diapazonunda fəaliyyət göstərən CFS (Command Function Select) komanda interfeysi vasitəsilə müəyyən parametrləri dəyişmək mümkündür. Buraya RF ötürülməsinin aktivləşdirilməsi və ya söndürülməsi, fəaliyyət müddətinin dəyişdirilməsi və VHF rabitə kanalının seçilməsi daxildir.
Müəyyən edilmiş fəaliyyət müddəti başa çatdıqdan sonra birdəfəlik istifadə üçün nəzərdə tutulan ASEKBUOY 100 P özünü sıradan çıxarır.
Sonobuoyun diametri 120 mm, çəkisi isə 10 kq-dir. Sistem litium batareyadan enerji alır və 30-150 metr dərinlikdə işləyə bilir. Onun saxlanma müddəti 5 il təşkil edir.




