ASELSAN Azərbaycana PUP peyk terminalları və rabitə vasitələri çatdırıb

ASELSAN Azərbaycana PUP peyk terminalları və rabitə vasitələri çatdırıb

Türkiyənin ASELSAN şirkəti Azərbaycan Müdafiə Nazirliyinə 10 ədəd PUP portativ peyk terminalı təhvil verib.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin 2022-ci il üçün yayımladığı illik hesabatda məlumat yer alıb.

Bildirilib ki, çatdırılan sistemlər şirkət tərəfindən Azərbaycanda qurulan və hazırda istifadə olunan peyk yer stansiyası vasitəsilə istifadəçinin tələb etdiyi səs və IP məlumat rabitəsini təmin edəcək.

ASELSAN-ın Azərbaycanda həyata keçirdiyi Hava Platformaları və Qüllə Kommunikasiya Sisteminin Modernizasiyası Layihəsi çərçivəsində, Müdafiə Nazirliyinin başqa sifarişləri də yerinə yetirilib. Belə ki, Azərbaycan Ordusunun təcili ehtiyac duyduğu təhlükəsiz və müasir rabitə infrastrukturunu təmin etmək üçün Hərbi Hava Qüvvələrinin (HHQ) inventarında yer alan bütün növ stasionar və fırlanan qanadlı antenna platformaları ilə sabit və mobil qüllələrə V/UHF və HF diapazonunda işləyən proqram təminatlı radio və interkom sistemləri ASELSAN-ın müxtəlif rabitə vasitələri ilə birlikdə çatdırılıb və inteqrasiya edilib.

Bundan başqa, ASELSAN tərəfindən Azərbaycanda davam etdirilən digər bir layihə HAKİM Hava Komanda İdarəetmə Sistemi Layihəsidir. HAKİM sistemilə Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) ölkədəki bütün radar, təyyarə və hava hücumundan müdafiə sistemləri ilə inteqrə şəkildə Azərbaycan hava məkanının real vaxt rejimində kontrol və idarə olunmasını təmin edəcək. Layihə çərçivəsində HAKİM sistemi dörd fərqli komanda mərkəzinə quraşdırılacaq. 60 fərqli kampusda silah və radar inteqrasiyası fəaliyyətləri həyata keçiriləcək.

ASELSAN layihə ilə bağlı ilk təhvil vermə işlərini 2022-ci ilin dekabr ayında reallaşdırıb. Bu çərçivədə şirkət tərəfindən 3005 m2 qapalı əraziyə sahib ilk mərkəzin tikintisi və bu mərkəzə bütün quraşdırma fəaliyyətləri başa çatdırılaraq Azərbaycan tərəfinə təhvil verilib.

Poliqon.az

CATEGORIES
TAGS