Azərbaycan şirkəti RPQ-7 tank əleyhinə qumbaraatan üçün təlim-məşq qurğusu hazırlayıb

Azərbaycan şirkəti RPQ-7 tank əleyhinə qumbaraatan üçün təlim-məşq qurğusu hazırlayıb

Azərbaycanın “DN Technologies” şirkəti RPQ-7V2 tank əleyhinə əl qumbaraatanın simulyatorunu hazırlayıb.

rpg sim VR

RPQ-7V2 VR Nişangah Qurğusu

Bu barədə AZERİ DEFENCE jurnalına müsahibəsində “DN Technologies” şirkətinin həmtəsisçisi və baş direktoru Ceyhun Nabadov bildirib.

Ceyhun Nabadovun sözlərinə görə, RPQ-7V2 qumbaraatanının simulyatorunun yaradılmasına 2016-ci ildə başlanıb və yaradılma prosesində ayrı-ayrı qoşun növlərində, o cümlədən döyüşlərdə iştirak etmiş peşəkar zabitlərin fikir və rəyləri nəzərə alınıb: “Məhsulu öz təşəbbüsümüzlə və öz investisiyamız hesabına yaratmağa başladıq. Məhsul yaradılmazdan əvvəl dünya bazarını araşdıranda gördük ki, ayrı-ayrı şirkətlərin hazırladıqları RPQ simulyatorları lazer başlıqla inteqrasiya edilib. Mövcud RPQ simulyatorlarında lazer başlıq düzəldilir, mərmiyə taxılır və proyektorla işıqlandırılan ekrana atəş açılır. Bunun üçün də ayrıca otaq və avadanlıqlar dəsti lazım olur. Bir ilə yaxın davam edən araşdırmalarımızın yekununda belə qərara gəldik ki, VR texnologiyasından istifadə etməklə daha müasir bir RPQ simulyatorunu istehsal edə bilərik. Açığı bazarda belə bir nümunə görməmişik. Yalnız İsveçin bir şirkəti belə simulyator hazırlayıb və orada VR eynəkdən istifadə olunur”.

rpq sim proqram

Simulyatorda səhnə görüntüsü

Şirkət rəhbəri bildirib ki, hazırlanmış simulyator RPQ-7V2 əl qumbaraatanın QON-1 nişangahının bazasında hazırlanmış, qumbaraatanın üzərinə quraşdırıla bilən “VR Nişangah Qurğusundan” ibarətdir. Qurğunun ön linzasında QON-1 nişangah toru, arxasında isə imitasiya olunmuş üçölçülü səhnə görünür. Yəni, heç bir əlavə avadanlığa və sinif otağına ehtiyac duyulmadan, simulyator qurğusu hərbi hissədə təlim üçün təhkim olunmuş RPQ-7V2 əl qumbaraatanına inteqrasiya edilə bilər.

“Atıcının simulyatorun “VR Nişangah Qurğusu”nda gördüyü səhnəni paralel olaraq müəllim öz tabletində və ya kompüterində görür. Müəllim təlimdən əvvəl ssenarini hazırlaya bilir. Görüntülərin reallıq səviyyəsi artırılıb, proqrama tək tanklar deyil, PDM-lər və ZTR-lər də daxil edilib. Simulyatorda görüntülərin reallığını artırmaqla bərabər döyüş səhnəsinin səs effektini də qulaqcıq vasitəsi ilə atıcıya təqdim etməyə çalışırıq”, – deyə şirkət rəhbəri vurğulayıb. dn logo

Ceyhun Nabadovun sözlərinə görə, hazırda ordu və güc strukturlarının RPQ simulyatoruna böyük ehtiyacları müşahidə olunur. Bu, ilk növbədə RPQ-7V2 ilə atış təlimlərinin keçirilməsində sərf olunan izafi xərclərin azaldılmasına, heyətin təhlükəsiz şəraitdə və daha mükəmməl təlimlər keçməsinə imkan verəcək: “Proqram hissəsində işlərin 70 faizindən çoxu başa çatıb. Qurğu hissəsində məlum COVİD-19 pandemiyası ilə əlaqədar xaricdən sifariş verilmiş bəzi hissələrin göndərilməsində gecikmələr var. Hazırda güc strukturları ilə əlaqə saxlayıb qiymətləndirmənin aparılması üçün texniki tapşırıqları almağa çalışırıq. Hesab edirik ki, yaxın vaxtlarda hazırladığımız simulyatorun bir neçə nümunəsini ilkin sınaqların keçirilməsi və rəylərin alınması üçün təmənnasız olaraq iki ay müddətinə güc strukturlarına təqdim edə biləcəyik”.

“Növbəti mərhələdə RPQ-7V2 simulyatorunun “Gilavar”ın ordu üçün nəzərdə tutulan versiyasına inteqrasiya edilməsi, həmçinin bu texnologiya əsasında tank əleyhinə idarə olunan raket komplekslərinin atış simulyatorlarının yaradılması planlaşdırılır”, – deyə C. Nabadov vurğulayıb.

CATEGORIES
TAGS