Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Martın 5-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkədə səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının Baş direktoru general-leytenant Ahsan Gulrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuta Xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşdə general-polkovnik K.Vəliyev iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin və strateji tərəfdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Baş Qərargah rəisi Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə keçirilən üçtərəfli birgə hərbi təlimlərin əhəmiyyətini diqqətə çatdıraraq bu kimi təlimlərin ordularımız arasında təcrübə mübadiləsi, hərbi qulluqçuların peşəkarlığının daha da artırılması baxımından vacibliyini xüsusi qeyd edib.

General-leytenant A.Gulrez Azərbaycan-Pakistan arasında münasibətlərin daha da möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirib.

Sonda Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

CATEGORIES
TAGS