Azərbaycan və İran Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan və İran Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov ölkədə səfərdə olan İran Ordusunun HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşdən əvvəl təntənəli qarşılanma mərasimi keçirilib.

Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Sonra protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

HDQ-nin qərargah binasında keçirilən görüşdə Azərbaycan-İran hərbi dənizçiləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Hərbi qulluqçuların peşəkarlığının artırılması, eləcə də qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Xəzər dənizində birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüş zamanı İran nümayəndə heyətinə Azərbaycan HDQ haqqında brifinq təqdim edilib.

Sonda qarşılıqlı hədiyyələr verilib və xatirə şəkli çəkdirilib.

CATEGORIES