Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə olunub – VİDEO

Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə olunub – VİDEO

Oktyabrın 31-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkədə səfərdə olan İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Cüzeppe Kavo Draqonenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun Baş Qərargahında təntənəli qarşılama mərasimi keçirilib.

İki ölkə ordularının Baş Qərargah rəisləri arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.

General-polkovnik K.Vəliyev italiyalı nümayəndə heyətinə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan tarixi qələbə və cari ilin sentyabr ayında Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin əhəmiyyəti haqqında ətraflı məlumat verib.

Ordu quruculuğu sahəsində aparılan genişmiqyaslı islahatlardan danışan Baş Qərargah rəisi Azərbaycan Ordusunda yeni texnologiyaların tətbiqi və kibertəhlükəsizlik sahəsində görülən işlərin əhəmiyyətini də diqqətə çatdırıb.

Admiral C.K.Draqone hər iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu bildirib. O, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Görüşdə Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığa söykənən hərbi əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi xüsusi vurğulanıb.

Tərəflər Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

CATEGORIES
TAGS