
Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin birgə mətbuat konfransı keçirilib – FOTO/VİDEO
Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın Heydər Əliyev Mərkəzində birgə mətbuat konfransı keçirilib.
“Poliqon” xəbər verir ki, konfransda media nümayəndələrinin sualları cavablandırıldıqdan sonra hər iki ölkənin müdafiə nazirləri bəyanatla çıxış ediblər.
Müdafiə naziri Z.Həsənov Vətən müharibəsində Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə təşəkkürünü bildirib. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə peşəkarlıq nümayiş etdirdiyi diqqətə çatdırılıb. Nazir Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib. Müdafiə naziri Zəfər Gününü birgə qeyd etmək üçün Azərbaycana təşrif buyuran türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə öz təşəkkürünü bildirib.
Türkiyənin Milli Müdafiə naziri H.Akar hər iki ölkənin ortaq tarixinin olduğunu bildirərək qardaşlığın əbədi davam etdiriləcəyini xüsusi vurğulayıb. Azərbaycanın istənilən probleminin həll olunması istiqamətində Türkiyənin bütün imkanlarını səfərbər etməyə hər zaman hazır olduğu diqqətə çatdırılıb. Milli Müdafiə naziri ölkələr arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.