Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri artırılır

Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri artırılır

2024-cü ildə Azərbaycanın müdafiə və təhlükəsizlik xərclərinin 6 milyard 421 milyon manat olması proqnozlaşdırılır.

“Poliqon” xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında öz əksini tapıb.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ölkəmiz tərəfindən bölgədə ədalətli və davamlı sülhün bərqərar olunması və iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə bir sıra siyasi-diplomatik xarakterli addımlar atılıb. Lakin, Ermənistan hökumətinin sülh prosesinə qeyri-konstruktiv yanaşma sərgiləməsi, müşahidə olunan separatizm meyilləri və bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması ilə bağlı cəhdlərin nəticəsiz qalması arzu olunan sülh və sabitliyə qarşı təhdidlər yaradır.

“Bu baxımdan, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi və hərbi potensialın artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi üçün 2024-cü ilin dövlət büdcəsində 3 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur”, – deyə Maliyyə Nazirliyi tərəfindən qeyd olunub.

CATEGORIES
TAGS