Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə minaya düşərək şəhid olmalarından bir il ötür
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun Kəlbəcərdə minaya düşərək şəhid olmalarından bir il ötür.
“Poliqon”un məlumatına görə, 2021-ci il iyunun 4-də saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZƏRTAC-ın müxbiri M.İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olublar. Daha 4 nəfər isə yaralanıb.
M.İbrahimov jurnalist fəaliyyəti boyunca daim hərbi reportyor kimi Azərbaycan Silahlı Qüvvələrinin həm cəbhə bölgəsindəki, həm də digər ərazilərindən reportajlar hazırlayaraq, informasiya müharibəsində ön sıralarda olub.
Ölümündən sonra M.İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki Sahilboyu küçəsinə Məhərrəm İbrahimovun adı verilib. Bundan başqa, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində xatirə lövhəsi və baralyefi istifadəyə verilib. Ailəli idi, iki övladı yadigar qalıb.
1989-cu ildə Qubadlı şəhərində anadan olan Sirac Abişov 2019-cu ildən AzTV-də işləməyə başlayıb. O, Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Sirac Abışov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib. Ailəli idi, bir övladı yadigar qalıb.
Allah rəhmət eləsin.