“Azərkosmos” Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

“Azərkosmos” Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) Mərkəzi Asiya regionunun Kosmik Texnologiyalar Konfransında (STC2024) yeni əməkdaşlıq müqavilələri imzalayıb.

“Azərkosmos”un Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, Türkiyənin Ankara şəhərində keçirilən tədbirdə “Azərkosmos” Türkiyənin peyk operatoru “Türksat”la kommersiya müqaviləsi imzalayıb.

Bu əməkdaşlıq sayəsində “Türksat” “Azerspace-2” peykinin resurslarından Afrika bölgəsində data layihələrində istifadə edəcək. Paralel olaraq “Azərkosmos” da “Türksat”ın yeni peyk texnologiyalarından faydalana biləcək.

Qeyd edək ki, beynəlxalq konfransda iştirakçılar arasında “Türksat”, “Maxar”, “Axiom”, “Space”, “Eutelsat”, “İntelsat”, “Satvu”, “Uztelecom” və digər qlobal və regional kosmik şirkətlər yer alıb.

“STC 2024” proqramı çərçivəsində plenar sessiya və müzakirələr keçirilir. Konfransda “Mərkəzi Avrasiyanın kosmik ekosisteminin inkişafı və beynəlxalq əməkdaşlıq imkanları” adlı plenar sessiyada “Azərkosmos”un yeni peyk layihələri, iqlim dəyişikliyi üzrə hazırlanmış rəqəmsal platformasından bəhs olunub. “Azərkosmos”un əsas hədəflərindən biri də kosmik sahədə regional əməkdaşlığın gücləndirilməsi olduğu iştirakçıların diqqətinə çatdırılıb.

“Azərkosmos”la yanaşı, plenar sessiyada Türkiyənin “Türksat”, Pakistanın “SUPARCO”, Birləşmiş Ərəb Əmirliklərinin kosmik agentliyi, Özbəkistanın “Uzbekcosmos”, Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerkosmik Sənayesi Nazirliyinin rəhbərləri öz milli kosmik sektorlarının fəaliyyəti, inkişafı və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi imkanları ilə bağlı məlumatları bölüşüblər.

CATEGORIES