Azərkosmosun sədr müavini: IAC-2023 Azərbaycanda kosmik sənayenin inkişafına mühüm töhfə verəcək
Oktyabrın 2-dən 6-dək Bakı şəhərində keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmik sənayenin inkişafına mühüm töhfə verəcək, cəmiyyətdə kosmik sahəyə dair məlumatlılığın artırılması istiqamətində vacib addım olacaq, ölkəmizin beynəlxalq kosmik arenada mövqeyini gücləndirəcək.
Bu fikirləri Azərkosmosun İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov POLİQON jurnalına müsahibəsində deyib.
Sədr müavini bildirib ki, kosmos sahəsində qlobal tədbirə hazırlığın digər böyük uğuru Bakı Konqresinə təqdim olunan elmi məqalələrdir: “Xüsusilə vurğulanmalıdır ki, bu il Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da 214 elmi məqalə ilə rekord həcmdə olub. Ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra olmaqla ilk beşlikdə yer alır. Bu, ölkəmizdə insan kapitalına verilən dəyərin, elm, tədqiqat və texnologiya sahələrində artan uğurlarımızın əyani sübutudur. Bu rəqəm əslində ölkəmizdə kosmos sahəsində elmi nəticələrin beynəlxalq platformalarda nümayiş olunması istiqamətində gənclərimizin qazandığı nailiyyətlərin davamıdır.
Ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə Bakı Konqresinə təqdim olunmuşdur. Bu göstərici ilə Bakı Konqresi Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) konqresləri ilə birgə indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub”.
Dunay Bədirxanov qeyd edib ki, Bakı Konqresində bütün dünyadan, o cümlədən Azərbaycandan olan elm insanları və gənclər kosmosun imkanlarına həsr olunmuş 190 texniki sessiyada və digər tədbirlərdə çıxış edə biləcəklər. Azərbaycan elminin dünya elminə inteqrasiyası, elm-təhsil-innovasiya vəhdətinin yaradılması, gənc alimlərimizin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından Beynəlxalq Astronavtika Konqresi geniş imkanlar yaradacaq.
“Dünyanın kosmik tədbirinə qeydiyyatın olduqca sürətlə artdığını və bütün müraciət edənlərin arasında dünyanın hər yerindən iddialı gənclər üstünlük təşkil etdiyini vurğulamaq istərdim. İnanıram ki, Bakıda keçiriləcək konqres onların uzunmüddətli karyerası üçün körpü olacaq və gəncləri öz arzularının ardınca getməyə və məqsədlərinə çatmağa ruhlandıracaq.
74-cü Beynəlxalq Astronavtika Konqresində kosmos sahəsi üzrə ölkələrin öz fəaliyyətlərini müzakirə etmək, biznes əlaqələri yaratmaq imkanları olacaq. Bu, təkcə Cənubi Qafqazı deyil, həm də Türkiyəni, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrini əhatə edən Azərbaycanın və daha geniş regionumuzun akademik və biznes üçün qlobal kosmik sektorun ekspertləri və liderləri ilə əlaqə yaratmaq üçün unikal şansdır. Konqresdə Mars və Aya gediş-dönüş missiyaları, James Webb Kosmik Teleskopunun bəşəriyyətə töhfəsi, “Global Networking Forum” kimi maraqlı panel müzakirələri, dəyirmi görüşlər, interaktiv sessiyalar və zəngin proqramları ilə Bakı Konqresi dünyanın yeni kosmik tendensiyalarını gündəmdə saxlayacaq. Qlobal kosmik tədbirin bir hissəsi olmaqla iştirakçılar Azərbaycanın ən yaxşı cəhətlərini və onun gözəl qonaqpərvərliyini, zəngin mətbəxini və müxtəlif mədəniyyətini görmək imkanı qazanmış olacaqlar.
Həmçinin, konqresə gənclərin, xüsusilə kosmos sahəsinə marağı olan tələbələr konqres müddətində könüllü olaraq fəaliyyət göstərməsi üçün seçilmişdir. Könüllülər konqres günlərində iştirakçıların qarşılanması, yönləndirilməsi, məlumatlandırılması və digər təşkilati işlərin icrası istiqamətində fəaliyyət göstərəcəklər”, – deyə Azərkosmosun İdarə Heyətinin sədr müavini vurğulayıb.