Azərbaycan hərbi gəmilərin tikintisinə 2014-cü ildə başlayacaq – EKSKLÜZİV
İlk gəmi 2014-də gəlirAzərbaycan 2014-cü ildən etibarən Hərbi Dəniz Qüvvələri üçün gəmilərin tikintisinə başlayacaq. “AzeriDefence”nin Azərbaycan hökumətindən əldə etdiyi məlumata görə, bu ilin sonlarından etibarən Azərbaycanda tikiləcək hərbi gəmilərin layihələrinin dəyərləndirilməsinə başlanacaq.
Başlanğıc mərəhələdə HDQ üçün 400-1000 ton və daha böyük su tutumuna malik gəmilərin inşası nəzərdə tutulur. Bu gəmilər ən müasir naviqasiya, radiolokasiya və silah sistemləri ilə təchiz ediləcək. Artıq layihələndirmə işləri ilə bağlı bir neçə xarici şirkətlə görüşlər davam etdirilir.
“Xəzər dənizinin spesifikliyi və mövcud tələblər bu layihələrdə mütləq nəzərə alınacaq. Gəmilərin ölçüsü və tipi Müdafiə Nazirliyi tərəfindən müəyyənləşdirildikdən sonra zəruri sifarişlər veriləcək. Böyük ehtimalla ilk gəmi də məhz 2014-cü ildə hazır olacaq”, – deyə məlumatda qeyd olunub.
Azərbaycanın müstəqilliyi dövründə, ötən əsrin 90-cı illərinin sonlarınad Bakıda azərbaycanlı mütəxəssislərin iştirakı ilə 1 ədəd hərbi gəmi inşa olunaraq HDQ-nin silahlanmasına daxil edilib.
Hökumətdən qeyd olunub ki, kiçik ölçülü – 16-50 metr böyüklüyündə sürətli sahil mühafizə katerlərinin tikintisi üçün də ayrıca işlər aparılmaqdadır. Bununla bağlı bir neçə Türkiyə şirkəti Azərbaycana müraciət edib. Həmin şirkətlər Bakıda tərsanə qurmaqla, və ya buradakı zavodların birinin imkanlarından istifadə etməklə Silahlı Qüvvələrin sifarişlərinə uyğun katerlərin istehsalını istəyirlər. Artıq həmin şirkətlər tərəfindən edilmiş müraciətlərə hökumətdə baxılır. Münasib təkliflər barədə isə yaxın vaxtlarda qərarın qəbulu nəzərdə tutulur.