Azərbaycan Sərhəd Mühafizəsi NATO ilə əməkdaşlığı genişləndirir
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) NATO-nun müvafiq strukturları ilə əməkdaşlığı genişləndirir. “AzeriDefence”nin DSX-nın saytına istinadən verdiyi məlumata görə, hazırda Sərhəd Xidməti Planlaşdırma və Analiz Prosesi çərçivəsində 6 öhdəlik üzrə bütün səylərini səfərbər edib. Bu öhdəliklərə ingilis dilinin öyrənilməsi və təkmilləşdirilməsi, tədris sisteminin müasir tələblərə uyğunlaşdırılması, rabitə və kommunikasiya sistemlərinin təkmilləşdirilməsi, sərhəd mühafizəsinin texniki təminatının yaxşılaşdırılması, hərbi qurumdan hüquq-mühafizə orqanına keçməklə bağlı islahatların aparılması və dəniz təhlükəsizliyi daxildir.
Sərhəd Mühafizəsinin beynəlxalq əməkdaşlığı barədə hissədə qeyd olunub ki, Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində Bakı şəhərində və eləcə də NATO üzv-tərəfdaş dövlətlərin ərazilərində keçirilən təlim kurslarında, treninqlərdə DSX nümayəndələrinin iştirakı ilə başlanan DSX – NATO münasibətləri 2001-ci ildən etibarən Sərhəd Qoşunlarının NATO standartlarına uyğunlaşdırılması məqsədi ilə sistemli şəkildə inkişaf etdirilib. Belə ki, DSX-nın təklifi ilə pesrpektiv əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi məqsədilə NATO-nun bir qrup aparıcı mütəxəssisi Azərbaycana dəvət olunmuş və onlara əməkdaşlıq proqramı üzrə işçi sənədlərin hazırlanması təklif edilib. Ekspertlərin məruzəsində sərhəd təhlükəsizliyi üzrə Azərbaycana yardım göstərilməsinin vacibliyi qeyd olunub, ilk dəfə olaraq NATO rəhbərliyinin diqqəti sərhəd təhlükəsizliyi məsələlərinə yönəldilib. Keçirilmiş tədbirlərin yekununda mövcud vəziyyətin öyrənilməsi və bu sahədə mümkün yardım imkanlarının araşdırılması məqsədilə sərhəd təhlükəsizliyi sahəsində NATO qiymətləndirmə missiyasının Azərbaycana göndərilməsi ilə bağlı qərar qəbul edilib.
Saytda həmçinin qeyd olunub ki, Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində İnetqrə edilmiş Sərhəd İdarəçiliyinin yaradılması sahəsində geniş əməkdaşlıq aparılır. 2006-2008-ci illərdə Avropa Komissiyası və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə «Azərbaycanın cənub sərhədlərində inteqrə edilmiş sərhəd idarəçiliyi modelinin yaradılması» üzrə həyata keçirilmiş pilot layihə çərçivəsində telekommunikasiya və rabitə vasitələri, radiasiya monitorinqi, müşahidə-nəzarət qurğuları, kompüterlər, gecə-görmə cihazları, pasport nəzarəti texnikası, nəqliyyat vasitələri və digər avadanlıqlar əldə olunub. Bununla yanaşı, hazırda 2010-2012-ci illəri əhatə edən Avropa İttifaqının dəstəyi ilə «Cənubi Qafqaz ölkələrində İnteqrə edilmiş Sərhəd İdarəçiliyi sistemlərinin yaradılmasına dəstək» üzrə layihə həyata keçirilir. Layihənin əsas məqsədi Aİ prinsipləri əsasında sərhəd idarəedilməsi sahəsində Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın gücləndirilməsi və aidiyyəti milli təsisatların imkanlarının artırılmasıdır.