
“BAE Systems” F-35 döyüş təyyarəsinin 1000-ci arxa gövdəsini “Lockheed Martin”ə çatdırıb
Böyük Britaniyanın “BAE Systems” şirkəti F-35 döyüş təyyarəsinin 1000-ci arxa gövdəsini ABŞ-ın “Lockheed Martin” konserninə təhvil verib.
“Poliqon” xəbər verir ki, bu barədə “BAE Systems” şirkəti məlumat yayıb.
Bildirilib ki, F-35 layihəsinin əsas tərəfdaşlarından biri olan “BAE Systems” ilk arxa gövdə hissəsini “Lockheed Martin” konserninə 2005-ci ildə tədarük edib.
5-ci nəsil çox məqsədli döyüş təyyarəsi olan F-35 hazırda dünya ölkələri tərəfindən ən çox tərcih edilən qırıcılar sırasındadır. Son iki il ərzində İsveçrə, Finlandiya və Kanada ümumilikdə 188 ədəd F-35- döyüş təyyarəsinin satınalınması üçün “Lockheed Martin” ilə müqavilə imzalayıb. Eyni zamanda Almaniya (təxminən 40-50 ədəd arası) və Çexiya (24 ədəd) hökümətləri də ABŞ-dan bu təyyarələrin tədarük edilməsini planlaşdırır.
Xatırladaq ki, “Lockheed Martin” konserni 2021-ci ilin sentyabrında 700-cü F-35 qırıcısını istehsal etdiklərini açıqlamış və 2022-ci ildə 151-153 ədəd, 2023-cü ildən etibarən isə hər il 156 ədəd qırıcının istehsal olunmasını planlaşdırdıqlarını bəyam etmişdi.
Qırıcının bir ədədinin 2019-cu il üçün qiyməti:
- F-35A – 83,4 milyon ABŞ dolları;
- F-35B – 108,1 milyon ABŞ dolları;
- F-35C – 93,3 milyon ABŞ dollarıdır.