
“Global Combat Air Programme” (GCAP) proqramı çərçivəsində Böyük Britaniya Müdafiə Nazirliyi “BAE Systems” şirkəti ilə 708 milyon funt sterlinq dəyərində yeni müqavilə imzalayıb.
“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, müqavilə GCAP proqramında Böyük Britaniyanın rolunu təmin edən kritik altıncı nəsil döyüş aviasiyası texnologiyalarının konsepsiyasının hazırlanmasını və inkişafını davam etdirmək məqsədi daşıyır.
Müqaviləyə əsasən, “BAE Systems” GCAP proqramında Böyük Britaniyanın əsas sistem inteqratoru kimi fəaliyyət göstərərək, milli texnologiyaların hazırlanması, inteqrasiyası və döyüş imkanlarının inkişafını həyata keçirəcək. Şirkət döyüş təyyarəsi üçün proqram təminatı, rəqəmsal şəbəkələr, mühəndislik həlləri və digər vacib texnologiyaları hazırlayacaq. Bu işlər “Team Tempest” tərəfdaşları və təchizatçı şirkətlərlə birlikdə yerinə yetirəcək.
Bundan əlavə, “BAE Systems” Böyük Britaniyada “Tempest” adı ilə tanınan altıncı nəsil döyüş təyyarəsinin imkanlarından kənara çıxan milli potensialın inkişafı üzərində də çalışacaq. Bu fəaliyyətlər daha geniş “Future Combat Air System” (FCAS) konsepsiyasının əməliyyat təhlilini və inkişafını, pilotsuz aviasiya vasitələrinin, qabaqcıl şəbəkələrin və ən müasir silah texnologiyalarının inteqrasiyasını əhatə edir.




