Bakıda kibertəhlükəsizlik üzrə tədbir keçirilib

Bakıda kibertəhlükəsizlik üzrə tədbir keçirilib

Oktyabrın 26-da Bakı Konqres Mərkəzində kiberfestivala (“Critical Infrastructure Defence Challenge 2023”) start verilib.

“Poliqon” xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə keçirilən tədbir kiber sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorda fəaliyyət göstərən qurumları, tələbə və ekspertləri bir araya toplayıb.

Tədbirin açılışında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, Azərbaycan Milli Məclisinin deputatı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, “Azerconnect” şirkətinin baş direktorunun müavini Dövlət Dövlətov və “BP” şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər.

Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kiberhücumların simulyasiyası ilə virtual müharibədə dövlət qurumlarının, kritik infrastrukturların, bankların, telekommunikasiya müəssisələrinin IT üzrə 3-5 nəfər tərkibdə 20 komandası 2 gün ərzində yarışacaqlar. Tədbirin son günündə qalib komanda 30.000 manat mükafat əldə edəcəkdir.

Təşkilatçılar tərəfindən tədbir günləri ərzində informasiya təhlükəsizliyi mövzusunda 10 təqdimat, 5 panel müzakirəsi, eləcə də ödənişsiz 6 fərqli sahə üzrə təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bütün qonaqlar kibertəhlükəsizlik həlləri sərgisini ziyarət etmək, virtual yarışlarda iştirak edib hədiyyələr qazanmaq imkanlarına malikdirlər.

Qeyd edək ki, kiberfestival dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlararası şəbəkələşmənin və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunub.

CATEGORIES