BƏƏ Çindən AR3 YARS alır

BƏƏ Çindən AR3 YARS alır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Çin istehsalı AR3 yaylım atəşli reaktiv sistemlər (YARS) sifariş edib.

“Poliqon” xəbər verir ki, bu barədə Çinin NORİNCO holdinqi məlumat yayıb.

Məlumatda 20-24 fevral tarixlərində Abu-Dabi şəhərində keçirilən beynəlxalq IDEX-2023 sərgisi çərçivəsində 245 milyon ABŞ dolları məbləğində müqavilənin bağlandığı bildirilib. Müqavilə NORİNCO holdinqinin BƏƏ-dəki tərəfdaşı olan “International Golden Group” şirkətinə verilib. Razılaşmanın şərtlərinə AR3 YARS-lara istehsalçı tərəfindən texniki xidmətin göstərilməsi də daxildir.

AR3 raket sistemləri Çinin NORİNCO (North Industries Corporation) holdinqi tərəfindən istehsal olunur. AR3 YARS modul konstruksiyaya malikdir və tez ayrılan nəqletmə-buraxma konteynerlərindən istifadə etməklə idarə olunan və idarə olunmayan raketlərin buraxılmasını təmin edir. AR3 döyüş maşınının konstruksiyana iki nəqletmə-buraxma konteyneri daxildir. Onların hər biri beş ədəd 300 mm-lik “Fire Dragon 140” raketi və ya dörd ədəd 370 mm-lik “Fire Dragon 280” raketi ilə təchiz edilə bilər.

NORİNCO holdinqinin məlumatına görə, döyüş maşınında alternativ olaraq hər biri çəkisi 480 kq olan döyüş başlığı ilə təchiz edilmiş və 290 km uçuş məsafəsinə malik 750 mm-lik “Fire Dragon 480” taktiki ballistik raketili iki nəqletmə-buraxma konteynerindən istifadə edilə bilər. Həmçinin, yeni Çin döyüş sursatları əhəmiyyətli dərəcədə kiçik ölçülərə malikdir ki, bunun da sayəsində bir buraxma qurğusunda 8-ə qədər raket yerləşdirilə bilər.

YARS-da tətbiq olunan 300 mm-lik idarə olunmayan raketlərin bir neçə növü var:

  • maksimal uçuş məsafəsi 70 km olan və kasset döyüş başlığına malik BRC3;
  • maksimal uçuş məsafəsi 130 km olan və kasset döyüş başlığına malik BRC4;
  • maksimal uçuş məsafəsi 130 km olan və qəlpəli-fuqas döyüş başlığına malik BRE2;
  • maksimal uçuş məsafəsi 130 km olan BRE3 (və ya FD140A).

Bu YARS üçün həm də iki növ 370 mm çaplı idarə olunan raket də var:

  • maksimal uçuş məsafəsi 220 km olan BRE6 (FD220);
  • maksimal uçuş məsafəsi 280 km olan BRE8 (FD280).

Əvvəllər NORİNCO holdinqi TL-7B uzun mənzilli gəmi əleyhinə qanadlı raketini AR3 YARS üçün döyüş təchizatı seçimi kimi təqdim edirdi. Raketin bərk yanacaqlı raket mühərriki 0,8-0,85 Mach sürəti və 180 km məsafəni inkişaf etdirməyə imkan verir.

Sistemin dünya silah bazarında təşviqi üzrə marketinq proqramının həyata keçirilməsinə başlanmasının ilk qeydlərindən biri 2010-cu ilə təsadüf edir. İlk dəfə olaraq AR3 sistemi IDEX-2011 (Abu-Dabi) Beynəlxalq Silah Sərgisində nümayiş etdirilib.

AR3 YARS döyüş maşını 8×8 təkər formuluna malik modifikasiya edilmiş “Wanshan” yolsuzluq yük maşını şassisinə quraşdırılıb.

AR3 YARS müdafiənin dərinliklərində, cəbhə xəttindən böyük məsafədə yerləşən düşmənin hava limanları, komanda mərkəzləri, sənaye obyektləri, hava hücumundan müdafiə qovşaqları, böyük qoşun qrupları və s. kimi xüsusilə mühüm hədəflərini məhv etmək üçün təyin edilib.

AR3 YARS altı buraxma qurğusundan ibarət standart batareyanın tərkib hissəsi kimi müstəqil sistem şəklində açıla və ya digər artilleriya sistemləri ilə inteqrasiya edilə bilər.

Qeyd edək ki, bu müqavilə, AR3 YARS üçün məlum olan ilk ixrac sifarişdir.

Xatırladaq ki, ötən il Çinin NORİNCO holdinqi xarici müştərilərə müxtəlif növ 155 mm-lik lüləli artilleriya nümunələrini təqdim edib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS