“Birləşdik-2024” təliminin keçirilməsi ideyası müasir hərbi münaqişələrin təcrübəsi nəzərə alınmaqla hazırlanıb
Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov cari ilin iyul ayının 8-dən 18-dək Qazaxıstanın Aktau şəhərində keçirilmiş “Birləşdik-2024” əməliyyat-taktiki komanda-qərargah təlimləri ilə bağlı fikirlərini bölüşüb.
General-polkovnik R.Jaksılıkov “Poliqon” jurnalına müsahibəsində qeyd edib ki, Qazaxıstan Müdafiə Nazirliyi mütəmadi olaraq ölkənin qərbində təlimlər keçirir. Amma Mərkəzi Asiya regionunda dörd ölkənin (Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan) və Azərbaycan silahlı qüvvələrinin hərbi kontingentlərinin cəlb olunduğu təlimin keçirilməsi üçün belə format ilk dəfədir tətbiq edilir.
“Bu addım, ilk növbədə, dövlətimizin mehriban qonşuluq münasibətlərini daha da genişləndirmək və möhkəmləndirmək istəkləri də daxil olmaqla Mərkəzi Asiya regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsi, habelə hərbi təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məsələlərini vurğulayır.
Bütövlükdə bu təlimlər ölkələr arasında qarşılıqlı etimad və maraq səviyyəsini artıracaq, silahlı qüvvələr birgə silahlı mübarizə üsullarını sınaqdan keçirəcək”, – deyə Qazaxıstanın müdafiə naziri bildirib.
O vurğulayıb ki, bu təlimdə Azərbaycan tərəfdən təkcə quru qoşunlarının deyil, həm də dəniz və hava qüvvələrinin bölmələri iştirak edib: “Bu, Azərbaycan Silahlı Qüvvələri ilə ilk təlim deyil. Qeyd edək ki, Qazaxıstanla Azərbaycan arasında qarşılıqlı əlaqələrin tarixi əsrlərə gedib çıxır, lakin müstəqillik illəri keyfiyyətcə yeni xarakter daşıyan xüsusi qarşılıqlı fəaliyyət dövrüdür. Ölkələrimiz arasında münasibətlər həmişə isti və mehriban olub, bir-birinə qarşılıqlı dəstək verib.
Ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətə həm də möhtərəm Prezidentimiz ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında formalaşmış etimad və dostluq münasibətləri kömək etmişdir. Bu, ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün məsələləri üzrə qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edəcək”.
Nazirin sözlərinə görə, Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin nəzarət orqanları, bölmələri və Azərbaycan, Qırğızıstan, Tacikistan və Özbəkistanın hərbi kontingentləri ilə “Birləşdik-2024” əməliyyat-taktiki komanda-qərargah təlimlərinin keçirilməsi ideyası müasir hərbi münaqişələrin təcrübəsi nəzərə alınmaqla hazırlanıb.
General-polkovnik R.Jaksılıkov birgə təlimin keçirilməsinin bir neçə əsas məqsədini də açıqlayıb: “Birincisi, bu, bölmələrin istifadəsi, hərbi heyətin döyüş hazırlığı, bölmələrin səhra, dəniz və hava hazırlığının artırılması sahəsində qabaqcıl təcrübə mübadiləsidir.
İkincisi, birləşmiş qoşunlar qrupunun hərəkətlərini istiqamətləndirməyə imkan verən birgə komanda-nəzarət sisteminin yerləşdirilməsi ilə bağlı məsələlərin işlənib hazırlanması, habelə qərargahlar arasında qarşılıqlı əlaqənin gücləndirilməsi və əməliyyat-taktiki fonda birgə hərəkətlərin planlaşdırılmasıdır.
Üçüncüsü, iştirakçı ölkələrin bölmələrinin döyüş potensialından maksimum istifadə etməyə imkan verən sıx qarşılıqlı əlaqə, bir-birini qarşılıqlı tamamlayan şəraitdə döyüş hazırlığı tapşırıqlarının birgə yerinə yetirilməsidir”.