
“Calidus” şirkətinin “Wahash” zirehli maşınlar ailəsinə baxış – TƏHLİL
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hər dəfə IDEX hərbi-texniki sərgisindən öz inkişaflarını reklam etmək üçün istifadə edir.
“Poliqon”un məlumatına görə, belə yeniliklərdən birini Əbu-Dabidə fəaliyyət göstərən “Calidus LLC” şirkəti hazırlayıb.
Belə ki, hələ bir neçə il əvvəl “Calidus” şirkəti “Wahash” adlı universal təkərli platforma layihəsini təqdim edib. O, döyüş, müşahidə və əks-üsyan tapşırıqları üçün təyin edilib. Bu maşının bazasında mühafizə olunan piyada nəqliyyat vasitəsinin və digər sinif texnikanın yaradılması təklif edilib. İndiyə qədər yaradıcı şirkət öz planlarının bir hissəsini yerinə yetirib və ümumi şassidə müxtəlif təyinatlı zirehli döyüş maşınlarının bir neçə modelini təqdim edib.
Çoxməqsədli universal platforma
Məlumat üçün qeyd edək ki, “Calidus” hərbi-sənaye şirkəti 2015-ci ildə BƏƏ Ordusuna və xarici müştərilərə satış üçün müxtəlif sinifli silah və hərbi texnika inkişaf etdirmək və istehsal etmək üçün yaradılıb. O, hazırda xarici şirkətlərin texnologiyalarına, inkişaflarına və məhsullarına çıxış əldə etmək üçün onlarla əməkdaşlıq qurulub.
Şirkətin ilk inkişaflarından biri “Wahash” (“Vəhşi Şahin”) zirehli avtomobilidir. Əvvəllər güman edildiyi kimi, o, xarici mühəndislərin, əsasən Cənubi Afrikanın “ADG Mobility” şirkətinin fəal iştirakı ilə yaradılıb. Xüsusilə serbiyalı mütəxəssis Petar Raduloviç baş konstruktor olub. Xarici mətbuat vasitələrində layihənin əsas ideyalarının arxasında duranın o olduğu bildirilir.
“Wahash” layihəsinin məqsədi müxtəlif sinif avtomobillərinin inkişafı üçün baza ola biləcək universal təkərli platforma yaratmaq idi. İlkin mərhələdə zirehli transportyorun (ZTR) və piyadanın döyüş maşınının (PDM) yaradılması, daha sonra isə daha mürəkkəb əlavələrin quraşdırılması üçün vahid şassidən istifadə edilməsi planlaşdırılmışdı.
Açıq mənbələrin məlumatlarına əsasən, “Wahash” üzərində layihələndirmə işləri 2017-18-ci ildən gec olmayaraq başa çatdırılıb və həmin vaxt iki prototip istehsal edilib. Və, ZTR və PDM konfiqurasiyasında olan döyüş maşınları sınaqlara çıxarılıb. Bundan başqa, maşınlar 2019-cu ilin əvvəlində Abu Dabidə keçirilən IDEX sərgisində mütəxəssislərə və ictimaiyyətə nümayiş etdirilib.
Həmin vaxt bildirilmişdi ki, platforma və onun əsasında yaradılan texnikaların ilk prototipləri sınaqları tezliklə başa çatacaq. “Calidus” şirkəti bu cür texnikaların seriyalı istehsalı üçün istehsal sahələri də hazırlayıb. Demək olar ki, şirkət real sifariş aldıqdan sonra tamhüquqlu istehsala dərhal başlamağa hazır idi.
“Wahash” zirehli texnikalarının inkişafı
Sonradan “Calidus” şirkəti dəfələrlə müxtəlif sərgilərdə iştirak edərək “Wahash” zirehli maşınını nümayiş etdirib. Layihənin potensialını vurğulamaq üçün prototiplər müxtəlif konfiqurasiyalarda və müxtəlif avadanlıqlarla nümayiş etdirilib. Son vaxtlara qədər müzakirə eksklüziv olaraq müxtəlif döyüş modulları ilə təchiz edilmiş piyadaların zirehli maşınlarından gedirdi.
İndi məlum olduğu kimi, son illər şirkət daha mürəkkəb layihələr hazırlayır. Cari ilin fevral ayında IDEX-2025 sərgisində ilk dəfə Yüngül Piyada Döyüş Maşınının (Light Infantry Fighting Vehicle – LIFV) prototipi təqdim edilib. O, “Wahash” bazasına əsaslanır, lakin fərqli konstruksiya xüsusiyyətlərinə, həmçinin daha kiçik ölçülərə və çəkiyə malikdir.
Bu ilin daha bir yeni məhsulu “Wahash” ailəsinin ilk şassisinə əsaslanan “Lahab” özüyeriyən artilleriya qurğusu (ÖAQ) olub. Bu ÖAQ uzun lüləli 155 mm çaplı haubitsalı tam hüquqlu qüllə ilə təchiz edilib. Ehtimal olunur ki, əsas xüsusiyyətlərinə görə “Lahab” ÖAQ öz sinfinin digər avadanlıq modellərindən geri qalmayacaq.
Bundan başqa, şirkət həmin sərgidə BARQ yüksək mobillikli yaylım atəşli reaktiv sistemini (YARS – High Mobility Multiple Rocket Launcher – HIMRL) və LAHAB özüyeriyən artilleriya qurğusunu (ÖAQ) təqdim edib. 122, 220 və 300 mm çaplı reaktiv mərmilər və süzən sursatlar üçün nəzərdə tutulmuş qurğu saatda 125 kilometr sürətlə hərəkət edə bilən 4×4 təkərli hərbi yük avtomobilinin şassisinə quraşdırılıb. Çox güman ki, bu YARS da “Wahash” şassisinə əsaslanır.
“Lahab” ÖAQ və “Barq” YARS haqqında daha ətraflı məlumatı buradan https://poliqon.az/bee-idex-2025-sergisinde-barq-yars-ve…/ əldə edə bilərsiz.
“Wahash” ailəsinin ticarət perspektivləri
Yarandığı gündən “Calidus” şirkəti daxili müştəriyə fokuslanıb. O, inkişaf etdirdiyi qabaqcıl texnologiyanı ilk növbədə BƏƏ Silahlı Qüvvələrinə təklif etməyi planlaşdırırdı. Lakin onlar beynəlxalq silah bazarını da unutmamışlar. Belə ki, məhz bu məqsədlə şirkət “Wahash” zirehli maşınının müxtəlif versiyaları hazırlamış və sərgilərdə nümayiş etdirir.
Bununla belə, “Calidus” şirkəti vaxtından əvvəl nikbinləşmişdi. İlk bir neçə il ərzində onun texnologiyası potensial müştərilərin diqqətini cəlb etməmişdi. Bu, zirehli texnika yaratmaq təcrübəsinin və lazımi reputasiyanın olmaması ilə əlaqədar idi. Üstəlik, “Wahash” maşınları müştəriyə prinsipial olaraq yeni heç nə təklif edə bilmirdi.
Yalnız bu yaxınlarda şirkət zirehli maşınlar üçün ilk sifarişini alıb. BƏƏ Müdafiə Nazirliyi açıqlanmayan sayda təkərli piyada döyüş maşınları almağa qərar verib. Müqavilənin dəyəri təxminən 2,4 milyard dirhəmdir (təxminən 600 milyon avro). Texnikaların tədarükü yaxın illərdə həyata keçiriləcək.
Bəlkə də öz ordularından verilən ilk sifariş bütün ailənin ticarət perspektivlərinə müsbət təsir göstərəcək. Bununla belə, bütün versiyalardan və konfiqurasiyalardan olan “Wahash” zirehli maşınları hələ də silah bazarında sərt rəqabətlə üzləşməli olacaq.
“Wahash” ailəsinin baza şassisi və quruluşu
Ümumi arxitektura baxımından “Wahash” dörd oxlu şassi, desant üçün daxili həcmlər və döyüş manqası üçün oturacaq olan zirehli maşındır. Belə bir maşın dəstləşdiricilərin və məqsədli yükün seçilməsində müəyyən dəyişkənliyə imkan verir. Belə bir şassinin mühüm xüsusiyyəti isə Kalle, Sisu, Knorr-Bremse, Hutchinson və s. şirkətlərdən idxal olunan komponentlərin geniş istifadə edə bilməsidir.
“Wahash” bu cür texnikalar üçün ənənəvi olan qaynaqlanmış zirehli gövdəyə malikdir. Burun hissəsində idarəetmə bölməsi və mühərrik bölməsi yan-yana yerləşir. Gövdənin mərkəzi və arxa hissələri döyüş və desant manqaları üçün ayrılıb. Transmissiya gövdənin içərisində yaşayış sahəsinin döşəməsinin altında yerləşir.
Gövdə STANAG 4569 standartına uyğun olaraq 4-cü səviyyəli hərtərəfli mühafizəyə malikdir və 14,5 mm-lik güllələrin zərbələrinə tab gətirə bilir. Gövdənin dibi romb formalı kəsiyə malikdir və bunun partlayış zamanı yaranan partlayış dalğasının təsirini azaltdığı bildirilir. Maşının minadan mühafizəsi NATO standartının 4-cü səviyyəsində elan edilib və təkər və ya altlıq altında 10 kq təşkil edir. Əvvəllər əlavə sınaqlar aparılmış, sınaqlar zamanı 50 kq trotil gövdədən 5 m aralıda partladılmış, lakin maşın ciddi zədə almamışdır.
Şassi 724 at gücünə malik Scania DC13 dizel mühərriki ilə təchiz edilib. Mühərrik ZF 7 AP 2600 SP avtomatik transmissiya ilə birləşdirilib. Transmissiya fırlanma momentini bütün təkərlərə və iki arxa avar pərvanəsinə ötürür. Şassi hidropnevmatik amortizatorları olan ikiqat dirəklər üzərində qurulub, onlar idarə olunur və klirensi dəyişməyə imkan verir. Suda hərəkət etmək üçün dairəvi kanallarda iki avar pərvanəsi nəzərdə tutulub.
Şossedə “Wahash” zirehli maşınının maksimal sürəti 130 km/saat, suda isə 10 km/saatdan çox deyil. Yanacaq üzrə gediş ehtiyatı ən azı 750 km-dir.
O, 70° yoxuşu və 40° yan əyilməni dəf edə, 0,8 m şaquli pilləni qalxa və 2 m enində xəndəyi keçə bilər. Zirehli maşın ətraf mühitin -30°C…+55°C temperaturlarında işləməyə qadirdir. O, iki nəqliyyat vasitəsini daşıya bilən Boeing C-17A kimi hərbi yük təyyarələri ilə havada nəql edilə bilər.
Əsas “Wahash” zirehli maşınının ümumi uzunluğu 8,5 m-ə çatır. Eni 2,7 m, gövdənin damının hündürlüyü 3,1 m-dir. Konfiqurasiyadan asılı olaraq döyüş çəkisi 33-35 tona çata bilər.
Yeni “Wahash LIFV” platforması ümumiyyətlə baza modelinə bənzəyir, lakin onun üçün yeni gövdə hazırlanıb. O, ilk növbədə, daha kiçik ölçüləri ilə seçilir: maşının uzunluğu 8 m-ə qədər azaldılır, eni 2,9 m-ə, hündürlüyü isə 2,4 m-ə qədərdir. Müxtəlif modifikasiyalar sayəsində normal döyüş çəkisi 21 tona endirilib. Maraqlıdır ki, azaldılmış gövdə məhdud üzmə qabiliyyətinə malikdir və buna görə də avtomobil su maneələrini yalnız keçidlərdə keçir.
Yeni zirehli maşının dəstləşdirilməsinə də yanaşma dəyişib. LIFV platforması yalnız qüllə səbəti olmayan döyüş modulları ilə uyğun gəlir. Bunun sayəsində gövdədaxili həcmə qənaət edilir ki, bu da desantın yerləşdirilməsi üçün istifadə oluna bilər.
“Wahash” zirehli maşınlar xəttindəki hər iki platforma eyni tutuma malikdir. Piyada döyüş maşınının və ya zirehli transportyorun heyəti üç nəfərdən ibarətdir: sürücü, komandir və tuşlayıcı. Arxa desant bölməsinə səkkiz nəfər yerləşir. Desant bölməsinə giriş arxa gövdə lövhəsindəki qapı vasitəsilə təmin edilir.
“Wahash” zirehli maşınlarında tətbiq edilən döyüş modulları
“Wahash” zirehli maşınları müxtəlif növ döyüş bölmələri və modulları ilə təchiz oluna bilər. Əvvəlcə yalnız kiçik çaplı silahları olan xarici məmulardan söhbət gedirdi. Bununla belə, son “Lahab” ÖAQ layihəsində “Calidus” şirkəti tək başına tam ölçülü haubitsalı qüllə hazırlayıb.
Mövcud məlumatlara görə, “Wahash” şassisinin ilk versiyası Rusiyanın BMP-3 PDM-nin döyüş bölməsinin quraşdırılması nəzərə alınmaqla yaradılıb. Bu məqsədlə, poqon altında böyük bir səbət üçün yer nəzərdə tutulmuşdu. Bu konfiqurasiyada təkərli zirehli maşın 100 mm-lik 2A70 topu, 30 mm-lik 2A72 avtomatik topu, 7,62 mm-lik PKT pulemyotu və tüstü qumbaraatanları ilə silahlanıb. Silahlar birbaşa qüllədə yerləşən operator stansiyasından idarə olunur.
Sərgilərdə həmçinin “Xarkov Maşınqayırma Konstruktor Bürosu”nun (“Ukrspetsexport” şirkətinə daxildir) BM-3M “Şturm” döyüş modulunun prototipi də nümayiş etdirilib. Bu modul 30 mm-lik avtomatik ZTM-1 avtomatik topu və 7,62 mm-lik KT-7,62 pulemyotla təchiz olunub. Bu silahlar keçmiş SSRİ istehsalı 30 mm-lik 2A72 və 7,62 mm-lik PKT məmulatlarının analoqlarıdır. Bundan başqa, komplektə “Baryer” tank əleyhinə raketləri də daxildir. Müştərinin istəyi ilə piyada döyüş maşınının və zirehli transportyorun xüsusiyyətlərinə uyğun gələn digər modullardan da istifadə edilə bilər.
Bunlardan başqa, IDEX 2025 sərgisində ilk dəfə olaraq “Wahash” zirehli maşını bazasında özüyeriyən zenit qurğusu (ÖZQ) təqdim edilib. Bu halda baza şassisinə Türkiyənin “Aselsan” şirkətinin “Korkut” döyüş modulu quraşdırılır. Bu, iki 35 mm-lik KDC-02 avtomatik topu ilə təchiz edilmiş orta ölçülü uzaqdan idarə olunan qüllədir. İstehsalçının reklamına görə, belə bir modul dəqiqədə 110 atəş açmaqla 4-5 km-ə qədər məsafədə bütün tipik hava hədəfləri ilə mübarizə aparmağa qadirdir.
Bu il təqdim olunan “Lahab” təkərli ÖAQ da xüsusi maraq doğurur. Onun üçün bütün aqreqatları böyük bir qüllədə yerləşdirilmiş orijinal döyüş bölməsi hazırlanmışdır. Komandirin və tuşlayıcının iş yerləri də qüllənin içərisində yerləşir. Yaranan modul mövcud “Wahash” şassisinin standart poqonuna quraşdırılıb. Göründüyü kimi, bu maşın haubitsanın təpmə impulsuna tab gətirə bilir.
“Lahab” ÖAQ-ın qülləsi 52 çap uzunluğunda yivli lüləsi olan 155 mm-lik haubitsa ilə silahlandırılıb. Lülə lüləağzı əyləc və ejektorla təchiz edilib. Lülə hidropnevmatik təpmə əleyhinə qurğuların köməyi ilə yellənən hissəyə bərkidilir. Qüllənin içərisində atəş yığımları üçün 28 yuvası olan və 5 müxtəlif növ mərmi ilə işləməyə qadir olan avtomatik doldurucu var. Əlavə 22 atəş yığımı üçün döyüş yığımı nnəzərdə tutulub.
“Lahab” düzünə və ya bağlı atəş mövqelərindən atəş aparmağa imkan verən atəşi idarəetmə sisteminə malikdir. Atışa hazırlıq və atışın idarə olunması avtomatlaşdırılıb. Atəş mövqeyində dayandıqdan sonra atəşə hazırlıq 1 dəqiqədən çox çəkmir.
Atəş tezliyi dəqiqədə 8 atışa qədərdir. “Atəş fırtınası” – üç mərmi seriyası ilə hədəfin eyni anda çoxsaylı məhv edilməsi (Multiple round simultaneous impact – MRSI) funksiyası da var. Maksimal atəş məsafəsi 50 km-dir.
Yerli istehsala imkan verən uğurlu cəhd
Ötən illər ərzində “Calidus” şirkəti özünü müxtəlif sahələrdə sınayıb. Xarici həmkarları ilə birlikdə müxtəlif silahlar, zirehli maşınlar və hətta təyyarələr də hazırlayıb. Məlum səbəblərdən belə layihələrin heç də hamısı uğurlu alınmayıb.
Hal-hazırda “Calidus” şirkətinin ən uğurlu inkişafı “Wahash” zirehli maşınlar ailəsi hesab edilə bilər. Şirkətin bildirməsinə görə, “Wahash” zirehli maşını üzmə (amfibiya) qabiliyyətinə malikdir və ekstremal hava, ərazi və iqlim şəraitində yüksək hərəkətlilik və qoruma təklif edir. Maşının ümumi rəqəmsal arxitekturası çoxsaylı komanda, idarəetmə, rabitə, kompüterlər, kəşfiyyat, müşahidə və kəşfetmə (C4ISR) sistemlərinin inteqrasiyasına imkan verir.
Ümumi platforma əsasında müxtəlif funksiyaları olan müxtəlif təyinatlı bir neçə maşın artıq hazırlanıb. Şirkət artıq belə texnika üçün ilk sifarişini alıb və yenilərinə ümid edir. Bununla belə, “Wahash” zirehli maşınlarının qoşunlarda istismarı onların nə qədər uğurlu olduğu göstərəcək. Bizə isə hələlik gözləmək və izləmək qalır…
Əhəd Vahidoğlu