HavaXəbərlər

Cənubi Koreya HHQ üçün istehsal edilən C-390 “Millennium” təyyarəsi ilk uçuşunu yerinə yetirib

Braziliyanın “Embraer” şirkətinin Cənubi Koreya Hərbi Hava Qüvvələri (HHQ) üçün istehsal etdiyi C-390 “Millennium” hərbi nəqliyyat təyyarəsi ilk uçuşunu uğurla həyata keçirib.

“Poliqon” “Embraer”ə istinadən xəbər verir ki, bu, şirkət tərəfindən Cənubi Koreya HHQ üçün istehsal olunmuş ilk C-390 təyyarəsidir.

Məlumata görə, təyyarə bundan sonra müştərinin tələblərinə uyğun xüsusi sistemlərin sınaqdan keçirilməsi və inteqrasiyası mərhələsinə daxil olacaq.

Qeyd edək ki, C-390 “Millennium” təyyarələrinin tədarükünə dair “Embraer” ilə Cənubi Koreya HHQ arasında müqavilə 2023-cü ilin sonunda imzalanıb. Bu müqavilə ilə Cənubi Koreya sözügedən təyyarənin Asiyadakı ilk müştərisi olub.

C-390 digər orta ölçülü hərbi nəqliyyat təyyarələri ilə müqayisədə daha çox – 26 ton faydalı yük daşımaq qabiliyyətinə malikdir. 470 knot maksimal sürətə sahib olan təyyarə, uzaq məsafələrə uça bilir. Təyyarə yük və şəxsi heyətin daşınması və paraşütlə endirilməsi, tibbi təxliyə, axtarış-xilasetmə, yanğınsöndürmə və humanitar əməliyyatlar daxil olmaqla geniş spektrli missiyaları yerinə yetirmək imkanına malikdir.

Back to top button