Çində təkmilləşdirilmiş DF-15 raketinin sınaqları keçirilib

Çində təkmilləşdirilmiş DF-15 raketinin sınaqları keçirilib

Çin Ordusu 800 kilometrə qədər uçuş məsafəsinə malik ballistik raketə sahiblənib.

“Poliqon” xəbər verir ki,  Çinli konstruktorlar silahlanmaya 1989-cu ildə qəbul edilmiş DF-15 yaxın mənzilli ballistik raketinin (short-range ballistic missiles – SRBMs) təkmilləşdirilməsini yerinə yetiriblər.

Çin Xalq Azadlıq Ordusunun raket briqadalarından biri (ehtimal olunur ki, 1-ci Adi Raket Briqadası) bu il avqustun 21-də DF-15 kimi tanınan təkmilləşdirilmiş Dong Feng 15 (ABŞ nomenklaturasına görə CSS-6) ballistik raketini uğurla sınaqdan keçirib. Raketlər buraxılış yerinə dörd oxlu təkərli daşıma-qurma-buraxma qurğuları (transporter-erector-launchers – TELs) ilə çatdırılıb.

Sınaqlar zamanı yerüstü 8×8 təkər formullu nəqliyyat vasitələrindən adi döyüş başlıqlı iki yaxın mənzilli ballistik raket 800 kilometr məsafəyə qədər atılıb.

İlkin hesablamalara görə, bu təkmilləşdirilmiş döyüş başlığı olan, daha az partlayıcı kütləsinə malik, lakin bunun yerinə aktiv radilokasiya sistemi, lazer məsafəölçəni və peyk naviqasiyalı tuşlama sistemi quraşdırılmış təkmilləşdirilmiş DF-15B raketidir. Atılan raketin görüntülərində, uçuşun son mərhələsində ballistik traektoriyaya düzəlişlər etmək üçün idarəetmə qanadları ilə təchiz edilmiş döyüş başlığı görünür.

Əvvəlki versiyalarından fərqli olaraq, təkmilləşdirilmiş DF-15B raketində buraxılışa hazırlıq müddəti azaldılıb və bütün proseslərin avtomatlaşdırılması səbəbindən daha az heyətin cəlb olunmasını təmin edilib.

Qeyd etmək lazımdır ki, DF-15 ballistik raketinin seriyalı istehsalına 1989-cu ildə başlanılıb.

Bu raketin əvvəlki versiyaları 600 kilometrə qədər uçuş məsafəsinə malik idi. Təkmilləşdirmədən sonra ortaya çıxan 800 kilometrlik atış məsafəsi, Çin Ordusuna ABŞ Ordusunun Okinava adasında yerləşən bazalarını vurmağa imkan verir.

Bəzi mənbələrin məlumatına görə, DF-15 ballistik raketləri həm adi, həm də nüvə başlıqlarına malik ola bilər.

dff

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS