
Braziliyanın “Embraer” şirkəti ilə Kolumbiya Hərbi Hava və Kosmik Qüvvələri arasında iki ədəd çoxməqsədli KC-390 “Millennium” hərbi nəqliyyat təyyarəsinin tədarükünə dair müqavilə imzalanıb.
“Poliqon” “Embraer”ə istinadən xəbər verir ki, bu müqavilə Kolumbiyanın hava nəqliyyatı və havada yanacaq doldurma imkanlarının modernləşdirilməsi istiqamətində mühüm addım hesab olunur.
Müqaviləyə missiya avadanlıqları, inteqrasiya olunmuş xidmət və texniki dəstək paketi, həmçinin Kolumbiyanın tənzimləyici tələblərinə uyğun hazırlanmış geniş sənaye əməkdaşlığı proqramı da daxildir.
Kolumbiya Hərbi Hava və Kosmik Qüvvələrinin KC-390 “Millennium” təyyarələri humanitar yardım, təbii fəlakətlərə reaksiya, yük və şəxsi heyətin daşınması, avadanlıq və desantın havadan endirilməsi, eləcə də havada yanacaq doldurma da daxil olmaqla geniş spektrli tapşırıqları yerinə yetirə biləcək.
Bundan əlavə, təyyarələr Kolumbiyanın yaxın zamanda aldığı “Gripen” qırıcıları ilə tam inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərməyə imkan verən əlaqə sistemləri ilə təchiz olunacaq ki, bu da ölkənin əməliyyat hazırlığını və qarşılıqlı fəaliyyət qabiliyyətini daha da artıracaq.




