Danimarka döyüş qabiliyyətini artırmaq üçün əlavə F-35 qırıcıları alır

Danimarka döyüş qabiliyyətini artırmaq üçün əlavə F-35 qırıcıları alır

Danimarka hökuməti Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaq məqsədilə əlavə 16 ədəd F-35 qırıcı təyyarəsi alır.

“Poliqon” Danimarka Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunun üçün 29 milyard DKK (4.5 milyard ABŞ dolları) dəyərində vəsait ayrılıb.

Bildirilib ki, bu qərar mövcud imkanların davamlılığını gücləndirməklə yanaşı, yeni döyüş tapşırıqlarının da yerinə yetirilməsinə şərait yaradacaq və Danimarkanın ümumi F-35 təyyarəsi parkını 43 ədədə çatdıracaq.

F-35 döyüş təyyarəsi imkanlarının daha da gücləndirilməsi haqqında razılaşma çərçivəsində əlavə ehtiyat hissələrinin, silah sistemlərinin, simulatorların, təlim avadanlıqlarının, paraşüt sistemlərinin, döyüşə hazırlıq dəstlərinin, İT infrastrukturunun və s. alınması da planlaşdırılır.

Həmçinin bu razılaşmaya “Collaborative Combat Aircraft” (CCA) pilotsuz döyüş təyyarələri (PDT) də daxildir. Onlar F-35 döyüş təyyarələri ilə koordinasiyalı şəkildə istifadə olunacaq və gələcəkdə əməliyyat tapşırıqlarında mühüm rol oynayacaq.

Xatırladaq ki, bundan əvvəl 2016-ci ildə Danimarka ABŞ-dan 27 ədəd F-35 qırıcısı almaq üçün müqavilə imzalayıb. Müqavilə üzrə ilk F-35-lər 2023-cü ildə Danimarkaya təhvil verilib. Hazırda Danimarka HHQ-nin istismarında 15 ədəd F-35 qırıcısı var. Bundan başqa, 6 ədəd F-35 isə təlim məqsədləri üçün ABŞ-da yerləşdirilib. Danimarka tərəfindən sifariş edilən ilk 27 təyyarənin tam təhvil verilməsi 2026-cı ildə başa çatacaq.

CATEGORIES