Daxili Qoşunların Hərbi Şurasının növbəti iclası keçirilib
Yanvarın 11-də Daxili Qoşunların Baş İdarəsində “2023-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr haqqında” Hərbi Şuranın iclası keçirilib.
Daxili Qoşunların Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, iclasda giriş sözü ilə çıxış edən Hərbi Şuranın sədri, Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov diqqətə çatdırıb ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən ötən il ərzində polis orqanları ilə birgə işğaldan azad edilmiş ərazilərdə, mühüm əhəmiyyətli dövlət, idman və digər kütləvi tədbirlərdə ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, habelə antiterror tədbirləri zamanı müəyyən edilmiş tapşırıqlar layiqincə və keyfiyyətlə icra olunub.
Daxili qoşunların komandanı iclasın gündəliyini elan etdikdən sonra Daxili qoşunlar komandanının
1-ci müavini-qərargah rəisi general-mayor Tofiq Hüseynov məruzə ilə çıxış edib.
Qeyd olunub ki, ötən il ərzində Daxili Qoşunlar tərəfindən işğaldan azad edilmiş ərazilərdə yaradılan stasionar postlarda və ayrı-ayrı marşrutlar üzrə xidmət təşkil edilib, mühüm obyektlərin mühafizəsi təmin olunub, xidməti ərazilərin monitorinqi keçirilərək əməliyyat məlumatları fasiləsiz toplanılıb və təhlili aparılıb, aidiyyəti orqanlarla zəruri qarşılıqlı əlaqələr yaradılıb. Bundan əlavə, antiterror tədbirləri zamanı Daxili Qoşunlara həvalə olunmuş vəzifələrin icrasının mərhələlərlə təmin edilməsi üzrə fəaliyyət koordinasiyasının həyata keçirilməsi, polis əməkdaşları ilə birgə işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin təcrid edilməsi, giriş və çıxış yollarında nəzarətin təşkili üzrə blok-postun, habelə hərbi obyektlərin mühafizəsi üçün mühafizə postlarının qurulması təmin edilib.
Ötən il ərzində qoşunlar beynəlxalq səviyyəli mühüm tədbirlərin, o cümlədən 74-cü Beynəlxalq Astronavtika Konqresinin, “Formula-1 Azərbaycan Qran-Pri” yarışının, futbol oyunlarının və digər mühüm beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunmasına cəlb edilib. Bu tədbirlər zamanı, həmçinin işğaldan azad olunmuş ərazilərdə hərbi hissələrin istehkamçı yarımqrupları tərəfindən də onlara həvalə edilmiş aidiyyəti xidməti-döyüş tapşırıqları uğurla yerinə yetirilib.
2023-cü il ərzində qoşunlarda döyüş təlimi müvafiq direktivin tələbləri əsasında keçirilib, hərbi qulluqçuların komandir, ixtisas, atəş və fiziki hazırlıq səviyyəsinin təkmilləşdirilməsi təmin olunub. Daxili Qoşunların hərbi hissələri və ərazi polis orqanlarının birgə fəaliyyətinin və koordinasiyasının təkmilləşdirilməsi məqsədilə birgə xüsusi-taktiki təlim məşqləri təşkil olunub keçirilib.
Bununla yanaşı, məruzədə 2023-cü il ərzində Daxili Qoşunların şəxsi heyəti ilə tərbiyə işinin təşkilinin və hərbi intizamın vəziyyətinin qənaətbəxş olduğu vurğulanıb. Bildirilib ki, qanunçuluğun və hərbi intizamın möhkəmləndirilməsi, xəsarətalma hallarının və nizamnamədənkənar münasibətlərin qarşısının alınması, kollektivlərdə sağlam mənəvi-psixoloji mühitin yaradılması diqqətdə saxlanılan məsələlərdən olub.
Həmçinin ötən il ərzində Daxili Qoşunlarda maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı tədbirlərin ardıcıllıqla davam etdirilməsi, şəxsi heyətin kazarma-məişət şəraitinin müasir standartlara uyğunlaşdırılması və hərbi qulluqçuların zəruri tələbatlarının təminat normalarına uyğun təmin olunması da diqqətə çatdırılıb.
İclasda Baş İdarənin bir sıra idarə, şöbə rəisləri və hərbi hissə komandirlərinin mövcud vəziyyət, diqqətçəkən nöqsan və çatışmazlıqların yaranma səbəbləri barədə hesabat-çıxışları dinlənilib. Çıxışlar zamanı qeyd olunub ki, ümumilikdə hərbi hissələr qarşıya qoyulmuş tapşırıqlardan irəli gələn vəzifələri tam həcmdə yerinə yetiriblər.
Çıxışlardan sonra Daxili qoşunların komandanı növbəti ildə qarşıda duran vəzifələrlə əlaqədar aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verib.
Sonda iclasa yekun vuran general-leytenant Ş.Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətinin bundan sonra da xalqa və dövlətə sadiqliyini nümayiş etdirərək ləyaqətlə xidmət edəcəyinə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısına cavab olaraq, Daxili işlər nazirinin əmr və göstərişlərindən irəli gələn vəzifələri layiqincə yerinə yetirəcəyinə, polis orqanlarının əməkdaşları ilə birgə ölkədə ictimai asayişin və sabitliyin keşiyində mətinliklə dayanacağına əminliyini ifadə edib, hərbi qulluqçulara fəaliyyətlərində uğurlar arzulayıb.