DSX Akademiyasına qəbul elan edilib
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul elan edib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” ali təhsil ixtisası üzrə aparılacaqdır.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.
Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- ərizə;
- anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);
- tərcümeyi-hal;
- özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;
- attestatın notariat orqanları tərəfindən təsdiq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;
- orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təsdiq edilmiş surəti;
- yaşayış yerindən arayış;
- doğum haqqında şəhadətnamənin surəti;
- valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti;
- 4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3×4 sm ölçüdə).
Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaq arzusunda olan Azərbaycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:
- Hərbi xidmətdə olmayanlar üçün – 2024-cü ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır.
- Hərbi xidmətdə olanlar üçün – DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.
- Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.
Sənədlər Dövlət Sərhəd Xidmətinin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və ya Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələrinə təqdim edilməlidir.
Əlaqə nömrələri: 012–372–16–20 / 012-493-62-47
Sənədlər 2024-cü ilin aprel ayının 30-dək qəbul ediləcəkdir.