
DSX rəisi: Son döyüş əməliyyatları növbəti dəfə Silahlı Qüvvələrimizin yenilməzliyini bütün dünyaya nümayiş etdirdi
Sentyabr ayının 13-14-də sərhəd döyüş məntəqələrimizə qarşı təxribat törədən düşmən Azərbaycan əsgərinin döyüş əzminin, Azərbaycan sərhədçisinin döyüş ruhunun bir daha şahidi oldu.
“Poliqon” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev rəsmi mətbuata müsahibəsində bildirib.
DSX rəisi vurğulayıb ki, sentyabrın 13-dən Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində genişmiqyaslı təxribatının qarşısı qəhrəmancasına alındı, düşmənin canlı qüvvəsi, artilleriya və minaatanla yanaşı döyüş postları, dayaq məntəqələri, atəş nöqtələri zərərsizləşdirildi.
“Bu döyüşlərdə qəhrəmancasına həlak olmuş bütün şəhidlərimizə rəhmət diləyir, yaralılarımıza tez sağalaraq sıralarımıza qayıtmalarını arzulayıram.
Döyüş əməliyyatları zamanı “Harop” və “Quzğun” zərbəendirici PUA-larının döyüş tətbiqi nəticəsində düşmənə uzaq məsafədən Azərbaycan Respublikasının hava məkanını nəzarətdə saxlamaq imkanı verən 2 “S-300” zenit-raket divizionu, döyüş dəstləri ilə birlikdə 2 ədəd “S-125” kompleksinin idarəetmə stansiyaları, “P-18” radiolokasiya sistemi, R-330 “Jitel” elektron mübarizə mərkəzi və sistemin anten gücləndirici qurğuları, onlarca döyüş məntəqəsi məhv edildi. Dəqiq zərbələr nəticəsində düşmənin hərbi sursat anbarı sıradan çıxarıldı və bu hərbi bazadakı yanğın saatlarca raketlərin və sursatların partlaması ilə müşayiət olundu.
Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələri altında böyük itkilər verdiyini görən və sərhəd-döyüş məntəqələrimizə qarşı hərbi təxribat törətməklə çox ciddi yanlış addım attıdığını başa düşən Ermənistanın hərbi-siyasi rəhbərliyi öz havadarları vasitəsilə atəşkəs rejiminin bərpa olunması barədə müraciət etdi.
Qısamüddətli olmasına baxmayaraq, hərb tariximizdə öz yerini tutacaq bu döyüş əməliyyatları növbəti dəfə Müzəffər Ali Baş Komandanımızın qüdrətini, Azərbaycan Silahlı Qüvvələrinin yenilməzliyini bütün dünyaya nümayiş etdirdi”, – deyə general-polkovnik Elçin Quliyev bildirib.