Dunay Bədirxanov: Azərbaycan beynəlxalq aləmdə kosmos ölkəsi kimi tanınır – MÜSAHİBƏ

Dunay Bədirxanov: Azərbaycan beynəlxalq aləmdə kosmos ölkəsi kimi tanınır – MÜSAHİBƏ

Gündən-günə qüdrətlənən çağdaş Azərbaycanın özünəməxsus peykləri həm dövlət, həm də hərbi rabitəni heç bir ölkədən asılı olmadan qurmağa imkan verir. Artıq uzun zamandır, Azərbaycan Silahlı Qüvvələri bu peyklərin imkanlarından geniş istifadə edir. Azərbaycan Ordusunun Peyk Rabitəsi İdarəetmə Mərkəzindəki peyk rabitə sistemi də avtonom işləyən mərkəzi yerüstü stansiya, mobil və daşınan peyk rabitəsi vasitələri olaraq təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) peyki üzərindən fəaliyyət göstərir.

Bu peyk rabitə sistemi hücum və müdafiə əməliyyatlarında qoşunların mobil hərəkəti və çevik yerdəyişməsi zamanı komanda məntəqələri arasında səsli və mətn (DATA) məlumat mübadiləsinin təmin edilməsi üçün təyin edilib. Qeyd edək ki, əvvəllər bu cür əməliyyatlar xarici ölkələrin peyklərinin arendaya götürülməsi ilə həyata keçirilirdi.

Azərbaycanın kosmik sənayesindəki islahatları, bu istiqamətdə Azərkosmosun qarşısında qoyulan vəzifələr və həyata keçirdiyi layihələr barəsində Azərkosmosun İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov POLİQON jurnalına müsahibə verib.

POLİQON: Dövlət başçısının uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycan bir çox sahələrdə, o cümlədən vacib və aparıcı istiqamətlərdən olan müasir texnologiyalar və kosmik sənaye sahələrində böyük uğurlara imza atır. Bu istiqamətdə Azərkosmosun qarşısında qoyulan vəzifələr və həyata keçirdiyi layihələr hansılardır?

VA212 Dec ss Bandeau

“Azerspace-1” telekommunikasiya peykinin “Arianespace” şirkətinin Ariane-5ECA raketdaşıyıcısı ilə orbitə buraxılması

Dunay Bədirxanov: Ölkəmizin beynəlxalq arenada qazandığı etibarlı tərəfdaş imici və effektiv xarici siyasəti ölkəmizdə kosmik sahənin inkişafına stimul oldu. Bu gün beynəlxalq aləmdə kosmos ölkəsi kimi tanınırıq. Bu isə təsadüfi deyildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və texnoloji inkişafa xüsusi diqqət verməsi ilə kosmos sahəsində uğurlu nəticələr əldə etmişik. 2008-ci ildə Azərbaycan Respublikasında müasir kosmik sənayenin yaradılması və inkişafı üzrə təsdiq edilən Dövlət Proqramı ilə Azərbaycanda müasir kosmik layihələr həyata keçiriməyə başladıq.

Qısa zamanda peyklərimizi orbitə buraxdıq. 2013-cü ildə informasiya-kommunikasiya texnologiyaları ölkə iqtisadiyyatının neftdən sonra ikinci əsas sektoru elan edildi. Həmin ildə “Azerspace-1”in orbitə çıxarılması ilə başlayan yolumuz növbəti peyklərin orbitə çıxarılması üçün möhkəm zəmin yaratmış oldu. Kosmik sənayenin inkişafı ilə cəmiyyətimizdə kosmos sahəsi üzrə elm və intellektual potensial artırmış, yüksək ixtisaslı kadrlar hazırlanmışdır. Hazırda peyklərimiz yerli mütəxəssislər tərəfindən idarə olunur.

Azərkosmos öz miqyasında – Agentlik daxilində innovativ mühit yaratmaq istiqamətində də işlər görməkdədir. Bu gün Azərkosmosda peyklərin idarə edilməsi və satış fəaliyyəti ilə yanaşı, artıq innovativ yaradıcılıqla məşğul olan Tədqiqat və İnkişaf Mərkəzi də fəaliyyət göstərir. Mərkəzdə ölkəmizin gəncləri arasında kosmik ekosistemin gücləndirilməsi məqsədilə innovasiya, tədqiqat və inkişaf yönümlü layihələr və kosmik maarifləndirmə üzrə fəaliyyətlər həyata keçiririk.

Azərkosmosda peyk xidmətlərini rəqəmsallaşdırmaq və real vaxt rejimində daha çox məlumatın işlənməsinə imkan yaratmaq, müştərilərin sayın artırmaq və onlar üçün rəqəmsal məlumatlara çıxışı asanlaşdırmaq üçün Coğrafi İnformasiya Sistemləri mərkəzimiz fəaliyyətə başlamışdır. Mərkəzdə qlobal iqlim dəyişikliklərinin Azərbaycana təsirlərini qiymətləndirmək üçün mütəmadi olaraq iqlim hesabatları hazırlayırıq.

Dünya kosmik ailəsinin üzvü olmağımız və bu sahədə etibarlı tərəfdaş kimi tanınmağımız ölkəmizə artıq kosmos sahəsinin qlobal tədbirlərinə ev sahibliyi etmək imkanını verir. Bu ilin oktyabr ayında Beynəlxalq Astronavtika Konqresi kimi kosmik sənayenin prestijli və nəhəng bir tədbirini ölkəmizdə keçirəcəyik. Beynəlxalq kosmos ictimaiyyətini Bakıda bir araya gətirəcəyik.

POLİQON: Dunay müəllim, bildiyiniz kimi, Azərbaycanda kosmik sənayenin yaradılmasında əsas məqsədlərdən biri ölkənin müdafiə qabiliyyətini yüksəltməkdir. Peyklərin imkanlarından istifadə edilməklə ilk növbədə ölkənin rabitə təhlükəsizliyi qurulur. Bu baxımdan, Azərbaycanda kosmik fəaliyyət və təhlükəsizlik strategiyasına dair fikirlərinizi bizimlə bölüşə bilərsinizmi?

peykler e1696179651985

Azərbaycanın “Azerspace-1”, “Azerspace-2” peykləri və fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdıran “Azersky” peyki.

Dunay Bədirxanov: İlk telekommunikasiya peykimiz “Azerspace-1” bu gün Azərbaycan üzərində ən güclü siqnala malik peyklərdəndir. “Azerspace-1” peyki telekommunikasiya sahəsində digər ölkələrdən asılılığının aradan qaldırılması, yerüstü infrastrukturdan asılı olmadan informasiya təhlükəsizliyinin təmin edilməsi kimi üstünlükləri təmin edir. Yerüstü kabel şəbəkəsinin mövcud olmadığı ərazilərdə, məsələn, Xəzər dənizində üzən Azərbaycan gəmilərində və neft platformalarında peyk rabitəsi və internet xidməti “Azerspace-1” vasitəsilə təmin edilir.

Fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdıran “Azersky” peykimiz də milli təhlükəsizlik kimi mühüm sahədə önəmli rol oynamışdır. Cənab Prezidentin də dediyi kimi, “Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi”. 2020-ci ilə qədər işğal altında olan torpaqlarımızda qeyri-qanuni fəaliyyətlər barədə daimi məlumatlar əldə edilir və qiymətləndirilirdi. Qanunsuz birləşmələrin dislokasiyaları, faydalı qazıntı ərazilərinin, meşə, əkin, otlaq və su resurslarımızın istismarı, qanunsuz məskunlaşmaların müəyyən edilməsi və sübut edici məlumat mənbəyi  kimi peyk təsvirlərinin əvəzsiz rolu vardır. Torpaqların eroziyasına səbəb olan qazıntı işləri və qəsdən törədilən yanğınların monitorinqi və qiymətləndirilməsi də bununla mümkün olmuşdur. Həmçinin yaşayış məntəqələri üzrə dağıdılmış bütün evlər təsbit edilmişdir.

Əsasən inkişaf etmiş ölkələrin silahli qüvvələrində istifadə edilən müasir peyk müşahidə texnologiyalarından ölkəmizin istifadə edə bilməsi müdafiə gücü baxımından Azərbaycanın keyfiyyətcə üstünlük qazanmasına və regionun ən güclü dövlətinə çevrilməsinə xidmət etmişdir. “Azersky” peyki nəinki 44 günlük Vətən müharibəsində Milli Ordumuza dəstək olmuş, həmçinin müharibədən sonrakı dövrdə də, azad olunmuş ərazilərimizin iqtisadi potensialının müəyyənləşdirilməsində geniş istifadə olunmuşdur. Azad edilmiş ərazilərin peyklə çəkilmiş şəkilləri onların bərpası ilə bağlı işləri xeyli sürətləndirməyə imkan verdi. Məsələn, mütəxəssislər peyk təsvirləri ilə məkanın detallı təhlili zamanı birbaşa ərazidə olmadan kənd təsərrüfatı potensialının qiymətləndirilməsi, kənd təsərrüfatı üçün yararlı olan və potensial ərazilərin əkinə cəlb edilməsi üçün peyk təsvirlərindən istifadə etmişlər. Həmçinin su resurslarının və potensial otlaq və örüş ərazilərinin qiymətləndirilməsi icra edilmişdir.

POLİQON: Prezidentin imzaladığı Fərmana əsasən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmə təşkil edilib və məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Bu idarəetmədə Azərkosmos tərəfindən görülən işləri necə dəyərləndirirsiniz?

Dunay Bədirxanov: Azərkosmos “Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzi”ində fəaliyyət göstərən ekoloji, şəhərsalma məsələləri üzrə, nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qruplarda təmsil olunur.

Əsas fəaliyyət istiqamətlərimizə işğal müddəti ərzində respublikamıza vurulmuş zərərlərin ilkin qiymətləndirilməsi, təbii ehtiyatların, o cümlədən su ehtiyatlarının, meşə örtüyünün, yay-qış otlaqlarının, qar ehtiyatlarının monitorinqı, ərazilərdə həyata keçirilən infrastruktur layihələri ilə əlaqədar baş verən dəyişikliklərin müəyyən olunması, baş vermiş yanğınların monitorinqi, kənd təsərrüfatı fəaliyyətinin təhlili istiqamətində müxtəlif peyk xidmətlərinin göstərilməsi aiddir.

POLİQON: Azərkosmosun peyk xidmətlərinə nəzər yetirdikdə şirkətin ixrac portfelini əsasən ABŞ, Böyük Britaniya, Fransa, Almaniya kimi dünyanın aparıcı ölkələrinin qabaqcıl şirkətləri təşkil etdiyini görürük. Son nəticələr barədə fikirlərinizi bilmək istərdik.

C5A4657

Azərkosmos və “SpaceX” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Dunay Bədirxanov: Azərkosmosun gəlirlərinin əsas hissəsi peyk xidmətlərinin ixracından formalaşır. Azərkosmos dövlət və qeyri-dövlət ixracatçı subyektləri arasında xidmət sektorunda ixrac həcminə görə ən yüksək nəticə ilə ilk sıralardadır.

Azərkosmos telekommunikasiya peykləri vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Qərbi Asiya regionlarının 43 ölkəsindən 200-dən artıq müştəriyə xidmət göstərib.

Ən çox gəlir gətirən ölkələr arasında Azərbaycan, Böyük Britaniya, Fransa, Lüksemburq, BƏƏ, Pakistan, Tanzaniya, Almaniya, Türkiyə, Nigeriya, Misir, Gürcüstan, İsrail üstünlük təşkil edir.

Təbii ki, biz gəlirlərimizi artırmaq istiqamətində əlavə dəyər xidmətlərimiz üzərində də işləyirik. Burada teleport xidmətlərində irihəcmli layihələrə başlamışıq. Azərkosmosun Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən Bakı teleportunda müxtəlif beynəlxalq şirkətlərə məxsus 15-dən çox yerüstü stansiya xidmət göstərir. Ümumilikdə Bakı teleportunun resursları Azərbaycanın peykləri ilə yanaşı, digər peyk operatorlarının peyklərindən və fiber optik şəbəkə üzərindən gələn siqnalları qəbul edir. Qeyd edim ki, Bakı teleportu 2020-ci ildən Dünya Teleport Assosiasiyasının “Tier 4” uyğunluq sertifikatına malikdir. “Tier 4” sertifikatı olan şirkətlər təqdim etdiyi teleport xidmətləri, texniki infrastruktur və iş prosesinin etibarlılığına və təhlükəsizliyinə 99,9% təminat verir.

Azercosmos Teleport

Azərkosmosun teleportu

Azərkosmos qlobal peyk rabitəsi bazarının əsas seqmentlərindən biri olan dənizdə genişzolaqlı rabitə imkanlarını təkmilləşdirməyə davam edir. Hazırda “Azerspace-1” və “Azerspace-2” peykləri vasitəsilə Xəzər, Qara və Azov dənizləri, İran körfəzi, Aralıq dənizinin şərq hissəsində hərəkət edən gəmilərdə etibarlı və stabil internet xidmətləri təqdim edilir.

POLİQON: 2023-cü il 2-6 oktyabr tarixlərində Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. Konqresə hazırlıq və Tədbirlər Planının icrası hansı mərhələdədir?

Dunay Bədirxanov: Hazırda tədbirin təşkilatçısı olaraq – Agentliyimiz aktiv surətdə ölkəmizdə 50 ildən sonra keçiriləcək növbəti Beynəlxalq Astronavtika Konqresinə hazırlaşır. Bakı Konqresi oktyabrın 2-dən 6-dək maraqlı və yaddaqalan beynəlxalq kosmik tədbir olacaq.

Tədbir Bakı Konqres Mərkəzi, Heydər Əliyev Mərkəzi və Sərgi Pavilyonundan ibarət Bakı Konqres Kompleksində keçiriləcək. Bu tədbir üçün Kompleksin ərazisində 8000 m2 sahədə müvəqqəti Sərgi Pavilyonunun tikilməsi işlərinə başlamışıq. Sərgi Pavilyonu Konqresə sponsor olacaq beynəlxalq kosmik şirkətlərin və sərgi iştirakçılarını qəbul edə biləcək. Qlobal kosmos sahəsindən olan şirkətlər üçün ayrılmış Sərgi Pavilyonunun demək olar ki əksər hissəsi artıq satılmışdır. Bakı Konqresində kosmik sahənin aparıcı qurumları  –  ABŞ-dan Space X, Lockheed Martin, NASA, Yaponiyadan JAXA, İtaliya Kosmik Agentliyi, İtaliyadan Telespazio, Hindistandan ISRO kimi təşkilatlar, Airbus, Fransadan CNES və bir çox şirkətlər artıq öz iştiraklarını təsdiq ediblər.

Konqres ölkəmizdə kosmik sənayenin inkişafına mühüm töhfə verəcək, cəmiyyətdə kosmik sahəyə dair məlumatlılığın artırılması istiqamətində vacib addım olacaq, Azərbaycanın beynəlxalq kosmik arenada mövqeyini gücləndirəcək. Xüsusilə, gənclərin bu işdə rolu böyükdür. Kosmos sahəsində qlobal tədbirə hazırlığın digər böyük uğuru Bakı Konqresinə təqdim olunan elmi məqalələrdir. Xüsusilə vurğulanmalıdır ki, bu il Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da 214 elmi məqalə ilə rekord həcmdə olub. Ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra olmaqla ilk beşlikdə yer alır. Bu, ölkəmizdə insan kapitalına verilən dəyərin, elm, tədqiqat və texnologiya sahələrində artan uğurlarımızın əyani sübutudur. Bu rəqəm əslində ölkəmizdə kosmos sahəsində elmi nəticələrin beynəlxalq platformalarda nümayiş olunması istiqamətində gənclərimizin qazandığı nailiyyətlərin davamıdır.

Ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə Bakı Konqresinə təqdim olunmuşdur. Bu göstərici ilə Bakı Konqresi Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) konqresləri ilə birgə indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub.

Qeyd edim ki, Bakı Konqresində bütün dünyadan, o cümlədən Azərbaycandan olan elm insanları və gənclər kosmosun imkanlarına həsr olunmuş 190 texniki sessiyada və digər tədbirlərdə çıxış edə biləcəklər. Azərbaycan elminin dünya elminə inteqrasiyası, elm-təhsil-innovasiya vəhdətinin yaradılması, gənc alimlərimizin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından Beynəlxalq Astronavtika Konqresi geniş imkanlar yaradacaq.

IAC 2023 Abstract submission

Dünyanın kosmik tədbirinə qeydiyyatın olduqca sürətlə artdığını və bütün müraciət edənlərin arasında dünyanın hər yerindən iddialı gənclər üstünlük təşkil etdiyini vurğulamaq istərdim. İnanıram ki, Bakıda keçiriləcək konqres onların uzunmüddətli karyerası üçün körpü olacaq və gəncləri öz arzularının ardınca getməyə və məqsədlərinə çatmağa ruhlandıracaq.

74-cü Beynəlxalq Astronavtika Konqresində kosmos sahəsi üzrə ölkələrin öz fəaliyyətlərini müzakirə etmək, biznes əlaqələri yaratmaq imkanları olacaq. Bu, təkcə Cənubi Qafqazı deyil, həm də Türkiyəni, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrini əhatə edən Azərbaycanın və daha geniş regionumuzun akademik və biznes üçün qlobal kosmik sektorun ekspertləri və liderləri ilə əlaqə yaratmaq üçün unikal şansdır. Konqresdə Mars və Aya gediş-dönüş missiyaları, James Webb Kosmik Teleskopunun bəşəriyyətə töhfəsi, “Global Networking Forum” kimi maraqlı panel müzakirələri, dəyirmi görüşlər, interaktiv sessiyalar və zəngin proqramları ilə Bakı Konqresi dünyanın yeni kosmik tendensiyalarını gündəmdə saxlayacaq. Qlobal kosmik tədbirin bir hissəsi olmaqla iştirakçılar Azərbaycanın ən yaxşı cəhətlərini və onun gözəl qonaqpərvərliyini, zəngin mətbəxini və müxtəlif mədəniyyətini görmək imkanı qazanmış olacaqlar.

Həmçinin, konqresə gənclərin, xüsusilə kosmos sahəsinə marağı olan tələbələr konqres müddətində könüllü olaraq fəaliyyət göstərməsi üçün seçilmişdir. Könüllülər konqres günlərində iştirakçıların qarşılanması, yönləndirilməsi, məlumatlandırılması və digər təşkilati işlərin icrası istiqamətində fəaliyyət göstərəcəklər.

POLİQON: Dunay müəllim, Azərkosmosun perspektiv layihələri barədə də söz açardınız. Gələcək planlarınız və hədəfləriniz nələrdi?

Dunay Bədirxanov: Son illərdə dünyada həm telekommunikasiya, həm də müşahidə peyklərinin sayı sürətlə artır və imkanları genişlənir. Bu da öz növbəsində Azərbaycanda müasir kosmik sənayenin trendlərini daha yaxından müşahidə etməyə imkan verir. Eyni zamanda ölkəmizin Yer müşahidəsi sahəsində peyk xidmətlərinin davamlı olması məqsədilə bazar araşdırmaları aparılır. Bununla əlaqədar olaraq, Azərkosmos Azərbaycanın yeni, Yerin məsafədən müşahidəsi peykinin hazırlanması üzərində işləyir. Qeyd edək ki, hazırki mərhələdə bu peykin bir neçə kiçik peykdən ibarət olaraq peyk qruplaşması formasında fəaliyyət göstərməsi imkanları nəzərdən keçirilir.

Paralel olaraq, yeni peyklərin orbitə buraxılması ilə əlaqədar olaraq Azərbaycanda müasir peyk inteqrasiya və sınaq mərkəzinin də qurulmasını nəzərədə tuturuq. Yeni peyklərin orbitə buraxılması ölkəmizin yer müşahidəsi xidmətləri bazarındakı dəyər təklifini və mövqeyini gücləndirməyə istiqamətlənib.

Yaxın vaxtlarda Azərbaycan Respublikasında kosmik sahə üzrə 2023-2030-cu illərdə kosmik strategiyası layihəsinin təsdiqlənəcəyini gözləyirik. Strategiyanın hədəfi 2030-cu illədək Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafını dəstəkləyən dayanıqlı kosmik proqramın həyata keçirilməsini təmin etməkdir. PJ     

CATEGORIES
TAGS