Əlahiddə Ümumqoşun Orduda növbəti “Zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib – VİDEO
Əlahiddə Ümumqoşun Orduda növbəti “Zabit hazırlığı kursu”nun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, buraxılış mərasimində əvvəlcə şəhidlərin xatirəsi yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.
Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Məhəmməd Həsənov məzunları təbrik edib və Azərbaycanda aparılan ordu quruculuğundan danışıb. Qeyd olunub ki, Vətən Müharibəsində qazanılan parlaq qələbədən sonra da Azərbaycan Ordusunun döyüş hazırlığı və psixoloji səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığının artırılması, maddi-texniki bazanın inkişaf etdirilməsi diqqətdə saxlanılır.
General-mayor Məhəmməd Həsənov ölkə başçısının diqqət və qayğısı sayəsində doğma Naxçıvanda da hərbi infrastrukturun müasirləşdirilməsi üçün mühüm işlərin görüldüyünü diqqətə çatdırıb və kursu uğurlar bitirən gənclərin hər zaman dövlət qayğısından bəhrələnərək vəzifələrinin öhdəsindən layiqincə gələcəklərinə inandığını bildirib.
Mərasimdə digər çıxış edənlər ixtisas hazırlığı kurslarının əhəmiyyətindən danışıb, məzunlara xidmətlərində uğurlar arzulayıblar.
Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurub və məzunların ixtisaslarına uyğun vəzifələrə təyin olunmaları ilə bağlı əmr mərasim iştirakçılarına çatdırılıb. Əmr oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub. Sonda xatirə şəkili çəkdirilib.