“Elbit Systems” Rumıniyadan “Watchkeeper X” PUA sifarişi alıb

“Elbit Systems” Rumıniyadan “Watchkeeper X” PUA sifarişi alıb

İsrailin “Elbit Systems” şirkəti Rumıniyanın Milli Müdafiə Nazirliyindən üç ədəd “Watchkeeper X” pilotsuz uçuş aparatının (PUA) tədarük edilməsi üçün sifariş alıb.

Bu barədə “Poliqon” “Elbit Systems” şirkətinə istinadən xəbər verib.

Şirkətin bildirdiyinə görə, 180 milyon ABŞ dolları dəyərindəki bu ilk sifariş, 2022-ci ilin dekabrında tərəflər arasında imzalanan alqı-satqı müqaviləsi əsasında verilib.

Sifarişə əsasən, Rumıniya Silahlı Qüvvələrinə çatdırılacaq “Watchkeeper X”  PUA-lar, “Elbit Systems” istehsalı “Spectro XR” multispektral elektro-optik sistem ilə təchiz olunacaq.

Qeyd edək ki, ötən ilin dekabr ayında şirkət və Rumıniyanın Milli Müdafiə Nazirliyi arasında imzalanan 410 milyon dollarlıq müqavilə ilə ümumilikdə 7 ədəd “Watchkeeper X” PUA-nın tədarük olunması planlaşdırılıb.

ISR tipli tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulan “Watchkeeper X” PUA-ları “Elbit Systems”in Böyük Britaniyada fəaliyyət göstərən “UAV Tactical Systems Limited” (U-TacS) şirkəti tərəfindən istehsal olunur.

Bu PUA Böyük Britaniya Silahlı Qüvvələrinin istifadəsi üçün “Hermes” ailəsi əsasında hazırlanan ixrac modelidir. Onun NATO standartlarına uyğun olması bu alyansa üzv ölkələr tərəfindən seçilməsində və hər hansısa çətinliklə qarşılaşmadan silahlı bölmələr tərəfindən istifadə edilməsində əsas amil rolunu oynayır.

Poliqon.az

CATEGORIES
TAGS