Elçin Quliyev və Aydın Əliyev “Sınıq-Körpü” sərhəd-keçidində buraxılışın vəziyyətini yoxlayıblar

Azərbaycan prezidentinin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyətinin yoxlanılması məqsədilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 29-da “Sınıq-Körpü” dövlət sərhəd buraxılış məntəqəsində olublar.
DSX mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, general-polkovnik Elçin Quliyev və gömrük xidməti general-leytenantı Aydın Əliyev şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı vəziyyətini yoxlayıb, sərhəddən keçən şəxslərlə söhbət edib və problemlərlə maraqlanıblar.
DSX-nın və DGK-nın əməkdaşlarının iştirakı ilə birgə xidməti müşavirə keçirilib və vəzifəli şəxslərin məruzələri dinlənilib.
Xidməti müşavirə zamanı “Sınıq-Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar meydana çıxan məsələlər müzakirə olunub, şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçmə vaxtının daha da qısaldılması məqsədilə xidməti prosedurların təkmilləşdirilməsi, dövlət sərhədindən buraxılış məntəqəsində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.












