FN EVOLYS pulemyotu tezliklə Belçika və Fransada xidmətə girəcək

FN EVOLYS pulemyotu tezliklə Belçika və Fransada xidmətə girəcək

“FN Herstal” şirkətinin istehsal etdiyi 7.62 mm-lik FN EVOLYS ultra yüngül pulemyotu tezliklə Belçika və Fransada xidmətə girəcək.

Bu barədə “Poliqon” “Army Recognition” saytına istinadən xəbər verib.

Qeyd edək ki, Belçikanın “FN Herstal” şirkəti tərəfindən yaradılan FN EVOLYS pulemyotu iki çapda – 5.56×45 mm və 7.62×51 mm çaplarda istehsal olunur. 5.56×45 mm-lik variantda silahın kütləsi 5.5 kq, lüləsinin uzunluğu 355 mm, ümumi uzunluğu isə teleskopik qundağın vəziyyətindən asılı olaraq 850-950 mm-dir. 7.62×51 mm çaplı modelin kütləsi 6.2 kq, lüləsinin uzunluğu 406 mm və ümumi uzunluğu 925-1025 mm-dir.

Müqayisə üçün bildirək ki, 5.56 mm çaplı “FN Minimi” pulemyotunun baza versiyasının kütləsi 6.85 kq, İsrailin “Negev” əl pulemyotu 7.4 kq, Rusiyanın “Peçeneq” pulemyotu 8.2 kq, Almaniyanın MG-3 pulemyotu 11.5 kq və ABŞ-ın M240 pulemyotu 12.3 kq-dır.

Pulemyotun quruluşu açıq çaxmaqlı və qısa gedişli qaz porşeni ilə barıt qazlarının lülə kanalından çıxarılması prinsipinə əsaslanır. Pulemyot avtomatik atəşdən tək atəşə keçirici, səsboğucu, patentləşdirilmiş yan qidalandırma mexanizmi, müxtəlif növ nişangahlar quraşdırmaq üçün uzun Picattini rail tipli tamasa və optik nişangah ilə təchiz edilib.

Pulemyotla bir əllə davranmaq mümkündür və silah solaxay insanlar üçün tamamilə uyğunlaşdırıldırılıb. Qundaq uzunluq və hündürlük üzrə tənzimlənir, təpməni yumşaltmaq üçün hidravlik dempfer ilə təchiz edilib. Hər iki variant üçün dəqiqədə 750 atışdan ibarət praktiki atəş tezliyi, effektiv atəş məsafəsi 5.56 mm çaplı pulemyot üçün 800 metr və 7.62 mm çaplı pulemyot üçün 1000 metrdir.

CATEGORIES
TAGS