Fransa gələn il 42 ədəd “Rafale” qırıcısı alacaq

Fransa gələn il 42 ədəd “Rafale” qırıcısı alacaq

Fransa Müdafiə Nazirliyi 2023-cü ildə 42 ədəd “Dassault Rafale” qırıcısı sifariş etməyi planlaşdırır.

“Poliqon” “Le Journal de L’Aviation” nəşrinə istinadən xəbər verir ki, bu yolla ölkə Yunanıstan və Xorvatiyaya təyyarə satışı ilə bağlı yaranmış güc çatışmazlığını aradan qaldırmaq istəyir.

Bildirilir ki, Fransanın gələn il üçün müdafiə büdcəsində 43,9 milyard avro ayrılıb ki, bu da 2022-ci il büdcəsindən 7,4% çoxdur.

Digər texnikalarla yanaşı, Fransa Hərbi Hava Qüvvələri (HHQ) üçün 42 ədəd qırıcı sifariş ediləcək. Plana əsasən təyyarələr 2027-2030-cu illər arasında təhvil verilməlidir. Sifariş biri 12, digəri isə 30 təyyarədən ibarət iki partiyaya bölünəcək. Bu 42 ədəd yeni təyyarə çox güman ki, hazırda inkişaf mərhələsində olan F4 standartında çatdırılacaq.

Xatırladaq ki, “Rafale” qırıcısının F4 versiyasının uçuş sınaqları 2021-ci ilin aprel ayında Fransanın cənub-şərqindəki İstriyadakı “Dassault aviasiya sınaq mərkəzi”ndə start götürüb.

F4 standartının hazırlanmasına 2019-cu ilin əvvəlində, Fransa Müdafiə Nazirliyi F3-R standartının sertifikatlaşdırılmasından dərhal sonra yeni təkmilləşdirmə üçün müqavilə elan etdikdən sonra başlayıb.

Bir çox açıq mənbələr 2021-ci ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ümumilikdə 15 milyard dollar dəyərində F4 versiyasında 80 ədəd “Rafale” qırıcı təyyarəsini sifariş etdiyi barədə xəbər paylaşıb (daha ətraflı – BƏƏ “Rafale” təyyarələrinin böyük partiyasını alır).

BƏƏ HHQ “Rafale” qırıcısının F4 versiyasının Fransadan kənarda ilk istifadəçisi olacaq və öz silahlı qüvvələrini suverenlik və əməliyyat müstəqilliyinə zəmanət verə bilən texnika ilə təmin edəcək.

“Rafale” qırıcı təyyarəsi Fransanın “Dassault Aviation” şirkəti tərəfindən hazırlanıb və dördüncü nəsil qırıcılara aid çoxməqsədli döyüş təyyarəsidir. Təyyarə tam şəkildə Fransa layihəsidir, onun hazırlanmasında xarici şirkətlər iştirak etməyib, tərkibində başqa ölkələrdə istehsal olunan komponentlər yoxdur. Prototip qırıcı ilk uçuşunu 4 iyul 1986-cı ildə edib. 2004-cü ildə Fransa Hərbi Dəniz Qüvvələrində (HDQ), 2006-cı ildə isə Fransa HHQ-də silahlanmaya qəbul edilib.

Məlumat üçün bildirək ki, “Rafale” döyüş təyyarələri Fransa ilə yanaşı, İndoneziya, Yunanıstan, Qətər, Hindistan, Misir, Xorvatiya, Finlandiya kimi ölkələrin HHQ-ləri tərəfindən istifadə olunur. “Rafale” qırıcıları Əfqanıstan, Liviya, Mali, İraq və Suriya döyüşlərində istifadə edilib.

Həmçinin bax: Yunanıstan aviasiya parkını “Rafale” döyüş təyyarələri ilə gücləndirir; Xorvatiya Fransadan “Rafale” təyyarəsi alacaq.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS