
HAVELSAN şirkətinin komanda və idarəetmə sahəsində mühüm proqram həllərindən biri olan Hərbi Hava Qüvvələri Məlumat Sistemi (HvBS – Hava Kuvvetleri Bilgi Sistemi) çərçivəsində hazırlanmış kritik imkanların bir hissəsi Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verilib.
“Poliqon” HAVELSAN-a istinadən xəbər verir ki, Türkiyə HHQ-nin əməliyyat ehtiyacları nəzərə alınaraq hazırlanan HvBS, hava əməliyyatlarının planlaşdırılması, icrası, izlənməsi və qiymətləndirilməsi proseslərini rəqəmsal mühitdə vahid şəkildə idarə etməyə imkan verən qabaqcıl komanda və idarəetmə infrastrukturu təqdim edir.
Azərbaycan HHQ-yə təhvil verilən sistem əməliyyat mərkəzlərində xidmət aparan şəxsi heyətin vahid əməliyyat mənzərəsi üzərindən fəaliyyət göstərməsinə imkan verir. Sistem, həmçinin tapşırıq və əməliyyat məlumatlarının real vaxt rejimində idarə olunmasına, kritik əməliyyat məlumatlarının vahid mərkəzdən izlənilməsinə və qərar qəbuletmə prosesinin sürətləndirilməsinə şərait yaradır. Bununla da planlaşdırma, koordinasiya və icra proseslərində sürət, dəqiqlik və səmərəlilik əhəmiyyətli dərəcədə artırılır.
Bütün bu komponentləri vahid platformada birləşdirən və dünyanın ən əhatəli Hərbi Hava Qüvvələri məlumat sistemlərindən biri hesab olunan HvBS, əməliyyat hazırlığı müddətini dəqiqələr səviyyəsinə endirərək hava əməliyyatlarında mühüm manevr imkanları yaradır.
Sistemin modulları müxtəlif komanda pillələri arasında təhlükəsiz məlumat mübadiləsini dəstəkləyir, hava əməliyyatlarına dair kritik məlumatların eyni vaxtda görüntülənməsinə və əməliyyatların cari vəziyyətə uyğun operativ şəkildə idarə olunmasına imkan verir. Açıq və modul arxitekturası sayəsində mövcud komanda və idarəetmə infrastrukturuna inteqrasiya oluna bilən sistem istifadəçi tələblərinə uyğun genişləndirilə bilən quruluşu ilə də seçilir.
Həyata keçirilən çatdırılma Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın proqram təminatı və komanda-idarəetmə texnologiyaları istiqamətində çatdığı səviyyəni nümayiş etdirməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, HAVELSAN tərəfindən milli imkanlarla hazırlanmış əməliyyat idarəetmə proqramlarının beynəlxalq istifadəçilər tərəfindən seçilməsi Türkiyənin müdafiə informatikası və komanda-idarəetmə sistemləri sahəsində mühəndislik potensialının konkret göstəricisidir.
Türk mühəndisləri tərəfindən hazırlanan HvBS-nin beynəlxalq istifadəçilər tərəfindən seçilməsi təkcə proqram təminatının ixracı deyil, həm də Türkiyənin komanda və idarəetmə sistemləri, tapşırıq idarəetmə proqramları və müdafiə informatikası sahəsində mühəndislik bacarıqlarının beynəlxalq miqyasda qəbul olunduğunu nümayiş etdirir.




