DənizXəbərlər

Rusiyanın yeni “Ulyanovsk” nüvə sualtı qayığı suya buraxılıb

Rusiyanın 885M “Yasen-M” layihəsi üzrə inşa edilən yeni “Ulyanovsk” zərbə təyinatlı nüvə sualtı qayığı  Severodvinsk şəhərində keçirilən mərasimlə suya buraxılıb.

“Poliqon” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Sevmaş” gəmiqayırma zavodunda inşa edilən “Ulyanovsk”, “Yasen-M” layihəsinin altıncı sualtı qayığıdır. “Ulyanovsk”un inşasına 28 iyul 2017-ci il tarixində başlanılıb. İlkin məlumatlarda onun 09853 layihəsi əsasında “Poseydon” nüvə torpedalarının daşıyıcısı kimi inşa ediləcəyi bildirilsə də, sonradan bu iddialar təkzib edilib və qayığın 885M “Yasen-M” layihəsi üzrə zərbə təyinatlı nüvə sualtı qayığı kimi inşa olunduğu açıqlanıb.

Bəzi məlumatlara görə, “Ulyanovsk”, “Perm” sualtı qayığı kimi, konstruksiyasında müəyyən dəyişikliklərlə inşa edilib. Bunun səbəbi qayığın “Zirkon” hipersəs raketləri ilə təchiz edilməsidir.

İnşa işləri tamamlandıqdan və bütün sınaqlar başa çatdıqdan sonra “Ulyanovsk”un Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) Şimal Donanmasının tərkibinə daxil ediləcəyi planlaşdırılır.

Back to top button