Xəbərlər

Hindistanda uzun mənzilli “Pinaka” raketləri sınaqdan keçirilib

Hindistanda uzun məsafələrdə yerləşən hədəflərin məhv edilməsi üçün təyin edilmiş “Pinaka” raketləri sınaqdan keçirilib.

“Poliqon” xəbər verir ki, Hindistan Müdafiə Nazirliyinin mətbuat xidməti Müdafiə Tədqiqatları və İnkişafları Təşkilatı (DRDO) 24-25 iyun tarixlərində uzun mənzilli Pinaka raketlərinin sınaq atışlarını uğurla həyata keçirdiyini bildirib.

Yerli istehsal “Enhances Pinaka” raketlərinin sınaqları Hindistanın şərqindəki Odisha sahillərindəki Çandipurda yerləşən sınaq poliqonunda baş tutub.

Məlumatda bildirilir ki, sınaqlar zamanı iyirmi beş “Pinaka” raketi müxtəlif məsafələrdə yerləşən hədəflərə atılıb və planlaşdırılmış bütün hədəflərin vurulub. Raketin uzun mənzilli versiyası 45 km-ə qədər məsafədəki hədəfləri məhv edə bilir.

Qeyd edək ki, “Pinaka”, Hindistanda layihələndirilmiş və inkişaf etdirilmiş 214 mm-lik yaylım atəşli reaktiv sistemdir (YARS). YARS-ın yaradılmasına keçən əsrin 80-ci illərində SSRİ istehsalı 122 mm-lik BM-21 “Qrad” döyüş maşınları parkını əvəz etmək üçün başlanıb.

“Pinaka” YARS düşmənin canlı qüvvəsini, yüngül zirehli və zirehli texnikalarını, raket buraxma qurğularını məhv etmək, komanda məntəqələrini, rabitə qovşaqlarını və hərbi sənaye infrastrukturu obyektlərini dağıtmaq, tank əleyhinə və piyada əleyhinə minalanma sahələrini məsafədən qurmaq üçün təyin edilib.

“Pinaka” YARS-ın raketlərlə birlikdə döyüş vəziyyətindəki döyüş kütləsi təxminən 27,1 tondur. Heyət beş nəfərdən ibarətdir. Artilleriya hissəsi 12 reaktiv mərminin daşınmasını və atışını təmin edən iki nəqletmə-buraxma konteynerindən ibarətdir. Maksimal atış məsafəsi 40 km, minimal atış məsafəsi isə 10 km təşkil edir. Döyüş maşınından fuqas, qəlpəli-fuqas, yandırıcı, kasset və sınaq tipli reaktiv mərmiləri ilə atəş aparmaq mümkündür. Qeyri-rəsmi məlumatlara əsasən yeni raketin uçuş məsafəsi 120 km (bəzi mənbələrdə 79 km göstərilir) və döyüş başlığının kütləsi 250 kq-dır.

Əhəd Əzizov

Poliqon.az

Back to top button