“Hisar-O+” ZRK bütün elementləri ilə sifarişçiyə çatdırılıb
Türkiyənin “Roketsan” və “Aselsan” şirkətlərinin birgə istehsalı olan “Hisar-O+” orta mənzilli zenit-raket kompleksi (ZRK) bütün elementləri ilə birlikdə ölkənin Silahlı Qüvvələrinə təhvil verilib.
“Poliqon” xəbər verir ki, Türkiyə “Hisar-O+” ZRK-nin Silahlı Qüvvələrə çatdırılması ilə çox aşağı, aşağı və orta hündürlükdə hava hücumundan müdafiəni milli həllərlə təmin edə biləcək.
Müxtəlif hava şəraitində xidmət göstərə bilən “Hisar-O+” kompleksi təyyarə, “hava-yer” tipli raket, qanadlı raket və PUA-lar kimi təhdidlərin qarşısını almaq imkanlarına malikdir.
Şaquli buraxılışlı orta mənzilli “Hisar-O+” ZRK “Hisar-O” kompleksinin təkmilləşdirilmiş versiyasıdır. “Hisar-O+”, məsafə və RLS əhatə dairəsi baxımından “Hisar-O” ZRK-dən bir addım irəlidədir. Kompleksin minimal atəş məsafəsi 3 km, maksimal atəş məsafəsi isə 25+ km təşkil edir.
Hədəflərin məhv edildiyi minimal hündürlük 50 metr, maksimal hündürlü 15 km-dir. Qırıcı təyyarəni aşkaretmə və müşayiətetmə məsafəsi 40-60 km-ə bərabərdir. Eyni anda 60-a qədər hədəfi müşayiət edə bilir. Buraxılışa hazır raketlərin miqdarı: batareyada ≥ 18 ədəd, divizionda ≥ 54 ədəddir.
Raketin döyüş başlığı yüksək effektivlikli qəlpəli təsirə malikdir. İkipilləli bərk yanacaqlı raket mühərriki ilə təchiz edilib. Raket aralıq faza tuşlaması zamanı inersial naviqasiya və məlumat ötürmə kanalından, son mərhələdə isə aktiv radar radiolokasiya özütuşlama başlığından istifadə edir.