HavaXəbərlər

IAI elektron hücum və ISTAR imkanlarına malik ELLYON təyyarəsini təqdim edib

İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti elektron hücum (EA) və qabaqcıl kəşfiyyat, müşahidə, hədəfin aşkarlanması və tanınması (ISTAR) imkanlarını özündə birləşdiryeni nəsil ELLYON çoxməqsədli təyyarəsini təqdim edib.

IAI-dən “Poliqon”a verilən məlumata görə, ELLYON tam tezlik diapazonunda radioelektron maneələrin yaradılmasını və qabaqcıl kəşfiyyat məlumatlarının toplanmasını, o cümlədən siqnal kəşfiyyatını (SIGINT), uzaqmənzilli SAR/GMTI radiolokasiya sistemini, elektro-optik müşahidə vasitələrini və genişzolaqlı peyk rabitəsini (SATCOM) “hamısı bir platformada” konsepsiyası altında bir araya gətirir.

Təyyarə platformanın təhlükəyə məruz qalmasını minimuma endirməklə yüzlərlə kilometr məsafədən əməliyyatlar aparmağa imkan verir. ELLYON döyüş məkanında kəşfiyyat məlumatlarını aşkarlayır, toplayır və təsnifləşdirir, eyni zamanda müxtəlif sistemlərə qarşı elektron əks-tədbir, radioelektron maneə və elektron hücum əməliyyatlarını icra edir.

Süni intellekt əsaslı çoxməqsədli missiya idarəetmə sistemi bortdakı sensorlardan daxil olan məlumatları emal edir, kəşfiyyat nəticələrini formalaşdırır və onları real vaxt rejimində peyk rabitəsi vasitəsilə komanda mərkəzlərinə, yerüstü idarəetmə stansiyalarına və digər hava platformalarına ötürür.

ELLYON müxtəlif iri biznes-jet tipli təyyarələrə inteqrasiya oluna bilən, platformadan asılı olmayan sistem kimi hazırlanıb. Təyyarənin elektron hücum kompleksi hava və yerüstü təhdidlərə qarşı elektromaqnit spektrinin bütün diapazonunda fəaliyyət göstərərək qabaqcıl radar və rabitə sistemlərinin sıradan çıxarılması imkanlarını təmin edir.

ELLYON bir missiya çərçivəsində eyni vaxtda həm radar sistemlərinə, həm də rabitə kanallarına qarşı radioelektron maneələr yarada bilir. Bu isə qabaqcıl təhdidlərə və inteqrə edilmiş hava hücumundan müdafiə sistemlərinə qarşı koordinasiyalı əməliyyat effektinin əldə edilməsinə imkan verir. Təyyarənin özünümüdafiə kompleksi isə qabaqcıl təhlükə aşkarlama, xəbərdarlıq, elektron əks-tədbir və mühafizə imkanlarını özündə birləşdirir.

IAI İdarə Heyətinin sədri Boaz Levi vurğulayıb ki, şirkət uzun illərdir qabaqcıl kəşfiyyat təyyarələrinin hazırlanmasında texnoloji innovasiyalar və əməliyyat təcrübəsini birləşdirən aparıcı şirkətlərdən biridir: “ELLYON bu ənənəni davam etdirərək qabaqcıl kəşfiyyat məlumatlarının toplanmasını, elektron hücumu və süni intellekt əsaslı missiya idarəetməsini vahid platformada birləşdirir və dəyişən döyüş şəraitində həlledici əməliyyat üstünlüyü təmin edir”.

IAI-nin vitse-prezidenti və “ELTA Systems” şirkətinin baş direktoru Dror Bar isə bildirib ki, ELLYON uzaqməsafəli fəaliyyət imkanlarını elektromaqnit döyüş məkanını hiss etmək, anlamaq və formalaşdırmaq qabiliyyəti ilə birləşdirən texnoloji sıçrayışdır: “Sistem kəşfiyyatdan əməliyyata keçid müddətini əhəmiyyətli dərəcədə qısaldır və ən mürəkkəb əməliyyat mühitlərində fəaliyyət azadlığını artırır”.

Qeyd olunub ki, ELLYON-a inteqrasiya edilmiş texnologiyalar artıq real əməliyyatlarda sınaqdan çıxarılıb və IAI-nin kəşfiyyat, elektron hücum və hava platformaları sahəsində çoxşaxəli imkanlarını, o cümlədən sensorların miniatürləşdirilməsi, qabaqcıl alqoritmlər və süni intellekt əsaslı proqram təminatı üzrə təcrübəsini əks etdirir.

ELLYON, İsrail Müdafiə Qüvvələri və dünyanın müxtəlif ölkələrinin Silahlı Qüvvələri üçün hazırlanmış IAI ELTA kəşfiyyat təyyarələri ailəsinə daxil olur. Bu ailəyə aid platformalar hava hücumundan müdafiə, kəşfiyyat üstünlüyünün təmin edilməsi və strateji əməliyyat imkanlarının artırılması istiqamətində geniş əməliyyat təcrübəsinə malikdir.

Back to top button