İran Rusiyadan Yak-130 təlim-döyüş təyyarələrini təhvil alıb

İran Rusiyadan Yak-130 təlim-döyüş təyyarələrini təhvil alıb

İran Hərbi Hava Qüvvələri (HHQ) Rusiya istehsalı olan Yak-130 təlim-döyüş təyyarələrini təhvil alıb.

Bu barədə “Poliqon” “Tasnim” xəbər agentliyinə istinadən məlumat verib.

Döyüş pilotlarının hazırlanmasında istifadə olunan Yak-130 təlim təyyarəsi reaktiv mühərriklidir. O, 4+ və 5-ci nəsil döyüş təyyarələrini idarə edəcək pilotların hazırlanması üçün təyin olunub. Bu baxımdan Yak-130 öz sinifində ən yeni təlim təyyarələrindən biri hesab edilir.

Təyyarə Rusiyanın “A.S.Yakovlev” adına Sınaq-Konstruktor Bürosu tərəfindən İtaliyanın “L’Alenia Aermacchi” (hazırda “Leonardo”nun tərkibindədir) şirkəti ilə birgə layihələndirilib. Tərəfdaşlar arasında fikir ayrılıqları səbəbindən modelin inkişafı son mərhələdə dayandırılıb və şirkətlərin hər biri gələcək təyyarənin baza versiyasının sənədlərini alıb. Bundan sonra hər iki şirkət öz modellərini – “L’Alenia Aermacchi” şirkəti M-346 təyyarəsini və “A.S.Yakovlev” Sınaq-Konstruktor Bürosu Yak-130 təyyarəsini buraxıb.

Qeyri rəsmi məlumatlara əsasən, Yak-130 təlim-döyüş təyyarəsinin qiyməti Rusiya Aerokosmik Qüvvələri üçün 7 milyon, ixrac üçünsə 15 milyon ABŞ dollarıdır. Müqayisə üçün qeyd etmək lazımdır ki, M-346 təyyarəsinin ixrac qiyməti 35 milyon ABŞ dolları civarındadır.

Yak-130 təyyarəsi indiyədək Rusiya, Belarus, Banqladeş, Əlcəzair, Myanma, İran, Laos və Vyetnam Hərbi Hava Qüvvələri tərəfindən seçilib.

CATEGORIES
TAGS