İranda yeni PUA-nın sınaqları keçirilib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları “Ərbəin” pilotsuz uçuş aparatının (PUA) sınaq uçuşunu həyata keçirib.
“Poliqon”un “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, çoxrotorlu PUA olan “Ərbəin”, SEPAH-ın “Öz-özünü təmin edən Cihad Təşkilatı”nın mütəxəssisləri tərəfindən dizayn, inkişaf və istehsal edilib.
Bildirilib ki, zərbə tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulan bu PUA, 7 kiloqramlıq bombanı daşımaq və onu 500 metr yüksəklikdən hədəfə atmaq qabiliyyətinə malikdir.
Bundan başqa, “Ərbəin” eyni vaxtda müxtəlif tipli 10 ədəd kiçik raket ilə də silahlandırıla bilər.
Qeyd olunub ki, vertikal qalxma və enmə (VTOL) xüsusiyyətlərinə malik “Ərbəin”, istənilən relyefdə işləmək qabiliyyətinə və istifadəsinin asanlığına görə xüsusi əməliyyat bölmələri üçün uyğun variant hesab edilir.