İsrail Almaniyanın MARS II YARS-larının təkmilləşdirilməsinə kömək edəcək

İsrail Almaniyanın MARS II YARS-larının təkmilləşdirilməsinə kömək edəcək

Almaniyanın hərbi texnika istehsalçısı “Krauss-Maffei Wegmann” (KMW) və İsrailin “Elbit Systems” şirkətləri birlikdə reaktiv artilleriyanı yeniləyəcək.

“Poliqon” xəbər verir ki, bu barədə “Elbit Systems” şirkəti məlumat yayıb.

Bu ilin iyun ayında Anlaşma Memorandumu (Memorandum of Understanding) imzaladıqdan sonra “Elbit Systems Land” və KMW şirkətləri strateji əməkdaşlığı intensivləşdirmək barədə razılığa gəliblər.

Anlaşmanın ilkin şərti MARS II yaylım atəşli reaktiv sistemin (YARS) təkmilləşdirilməsi və imkanlarının genişləndirilməsidir.

Qeyd edək ki, Almaniyanın MARS II YARS-ı Bundesver tərəfindən 1990-cı ildə silahlanmaya qəbul edilib. ABŞ-ın M2 “Bradley” piyadanın döyüş maşını bazasında tırtıllı şassi üzərində hazırlanmış YARS buraxma qurğusu ABŞ-ın M270 YARS-ının Almaniyada kiçik dəyişikliklərə məruz qalmış lisenziyalı versiyasıdır.

Döyüş maşınının heyəti üç nəfərdən ibarətdir. Onun kabinəsinin arxasında fırlanan buraxma platforması yerləşir. O, hər birində müxtəlif təyinatlı reaktiv sursatları saxlaya bilən altı nəqletmə-buraxma konteyneri (NBK) olan iki birdəfəlik blok ilə təchiz olunub.

“Elbit Systems Land” YARS istifadəçisinin tələblərinə tam cavab vermək üçün müasir reaktiv sursat xətti təklif edir. Təklifə artırılmış mənzilli raketlər və yeni təlim sursatları daxildir.

Həmçinin, KMW və “Elbit Sysyems Land” şirkətləri, “Euro-PULS” adlı yeni nəsil uzun mənzilli Avropa yaylım atəşli reaktiv sistemi üçün konsepsiya yaradıblar. Bu konsepsiya artıq ilk Avropa müştərilərinə təklif olunub.

Perspektivli “Euro-PULS” YARS “Elbit Systems” şirkətinin çoxməqsədli Dəqiq Universal Buraxma Sisteminə (Precise Universal Launching System – PULS) əsaslanır. Onun üzərində 122 mm-dən 370 mm-ə qədər çaplı müxtəlif, o cümlədən yüksək dəqiqlikli, idarə olunan reaktiv sursatlardan istifadə etmək imkanı olan 2 konteyner yerləşdirilir.

Almaniyanın KMW şirkəti Avropa standartlarına cavab verən reaktiv artilleriya sistemlərinin yaradılması və konfiqurasiyası üzrə böyük təcrübəyə malikdir.

“Elbit Systems” hesab edir ki, bu, hər bir raketi istifadəçinin tələblərinə uyğun inteqrasiya etmək imkanı verir. Şirkətlər arasında müqavilələr Avropada YARS üçün raket istehsalının lokallaşdırılmasını nəzərdə tutur.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS