Xəbərlər

İsrail lazer HHM sistemini sınaqdan keçirib

İsrailin “Rafael” və “Elbit Systems” şirkətlərinin birgə hazırladığı “Light Shield” adlı işləyən lazer müdafiə sisteminin sınaqları keçirilib.

“Poliqon” “Haaretz”ə istinadən xəbər verir ki, dünyada ilk hesab edilən “Light Shield” (və ya “Iron Beam”) sisteminin sınaqları uğurla nəticələnib.

Bildirilib ki, sınaqlar zamanı “Light Shield” sistemi müxtəlif ssenarilərdə pilotsuz uçuş aparatlarını, minaatan minalarını və tank əleyhinə raketləri uğurla tutub. İlkin qiymətləndirmələrə görə, lazer sistemi bir neçə ildən sonra fəaliyyət göstərəcək. Bununla belə, cari ilin sonuna kimi onun imkanlarını öyrənmək və lazım gələrsə, təkmilləşdirmələr etmək üçün Qəzza sərhədinə bir batareya yerləşdirilə bilər.

“Light Shield” lazer sistemləri yerüstü və mobil olacaq və aşağı səviyyəli tutucular kimi İsrailin vahid raketdən müdafiə sisteminə daxil ediləcək. İsrail Müdafiə Nazirliyi bildirib ki, lazer qurğuları həm stasionar obyektləri, həm də yürüşdə qoşunları qoruyaraq raketləri, PUA-ları, minaatan minalarını və digər növ təhlükələri tuta biləcək. Bundan başqa, lazer sistemləri ilə aviasiyanı da təchiz etmək planlaşdırılır.

Tərtibatçıların fikrincə, hər birinin qiyməti təxminən 170.000 şekel (49.000 ABŞ dolları) olan “Iron Dome” (“Dəmir Günbəz”) hava hücumundan müdafiə sisteminin tutucu-raketlərindən fərqli olaraq, lazerlə tutulma səssiz və görünməzdir, bir tutma 10 şekeldən (təxminən 3,50 ABŞ dolları) aşağı başa gəlir.

Əhəd Əzizov

Poliqon.az

Back to top button