İsveç və Braziliya şirkətləri birgə əməkdaşlıq göstərəcək

İsveç və Braziliya şirkətləri birgə əməkdaşlıq göstərəcək

İsveçin “Saab” və Braziliyanın “Embraer” şirkəti müdafiə sənayesinin aviasiya sahəsində birgə əməkdaşlıq göstərəcək.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında Braziliyada keçirilən LAAD 2023 sərgisi çərçivəsində anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən, hər iki şirkət həm C-390 “Millenium” nəqliyyat təyyarəsinin, həm də “Jas 39 Gripen” qırıcısının təkmilləşdirilməsi, yeni imkanların qazandırılması və qlobal bazarda potensial müştərilərə tanıtdırılması baxımından birgə fəaliyyat göstərəcək.

JAS 39 “Gripen” 1980-ci illərdə “Saab” şirkəti tərəfindən hazırlanmış dördüncü nəsil çoxməqsədli qırıcıdır. JAS abbreviaturası “Jakt” – qırıcı, “Attack” – hücum, “Spaning” – kəşfiyyat kimi açıqlanır.

Qırıcının ilk modifikasiyası olan “Gripen A” 1997-ci ildə İsveç HHQ tərəfindən silahlanmaya qəbul edilib. Bu gün JAS 39 “Gripen” qırıcıları İsveç ilə yanaşı, həm də Macarıstan, Çexiya, Cənubi Afrika, Tayland və digər ölkələrin Hərbi Hava Qüvvələrində silahlanmadadır.

“Gripen”in son variantı olan “Gripen E” qırıcısının yaradılması üzərində işlərə 2013-cü ildə başlanılıb. “Gripen E” qırıcısının uzunluğu 15.2 m, eni 8.6 m, maksimal uçuş kütləsi 16.5 tondur. Qırıcının silahlar üçün on asma nöqtəsi və 27 mm çaplı Mauser BK27 avtomatik topu var. Hava hədəfini tutmaq və məhv etmək üçün elan edilmiş döyüş hazırlığı 10 dəqiqədir.

Hazırda qüvvədə olan müqavilələrə əsasən, “Saab” şirkəti İsveç üçün 60 ədəd və Braziliya üçün 36 ədəd “Gripen-E” qırıcısı tədarük etməlidir. Hər iki ölkə ilk seriya istehsalı olan “Gripen E” qırıcılarını 2021-ci ilin noyabr ayında təhvil alıb. Şirkət birinci partiya üzrə 6 ədəd qırıcı istehsal edib ki, onlardan da dörd ədədi Braziliya HHQ-yə və iki ədədi İsveç HHQ-yə çatdırılıb.

“Embraer” şirkətinin istehsal etdiyi C-390 “Millenium” müasir hərbi-taktiki nəqliyyat təyyarələri sırasında yer alır. O, digər orta ölçülü hərbi nəqliyyat təyyarələri ilə müqayisədə daha çox faydalı yük (26 ton) daşıya bilir.

Bundan başqa rəqibləri ilə müqayisədə C-390 “Millenium” daha sürətlidir (470 düyün) və daha çox uçuş masafəsinə malikdir. Nəqliyyat təyyarəsi yüklərin və qoşunların daşınması, onların əməliyyat ərazisinə endirilməsi, tibbi evakuasiya, axtarış-xilasetmə, yanğınsöndürmə və humanitar missiyaların icra olunması kimi bir çox tapşırıqları yerinə yetirə bilir.

C-390 “Millenium”un əsas xüsusiyytələrindən biri “Airbus” istehsalı A400M nəqliyyat təyyarəsi kimi asfalt döşəməsi olmayan eniş-qalxış zolaqlarından havalanma və enmə bacarığıdır.

Poliqon.az

CATEGORIES
TAGS