MMU nəzdindəki xüsusi təyinatlı təhsil müəssisələrinə müraciətlərin sayı açıqlanıb
Azərbaycan Respublikasının 13 şəhərində yaradılmış 17 mərkəz vasitəsilə aparılan maarifləndirmə işləri nəticəsində Milli Müdafiə Universitetinin (MMU) nəzdində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə müraciətlərin sayı 5500-dən artıq olmuşdur.
“Poliqon” xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov 2024-cü ilin birinci yarımilinin yekunlarına dair keçirilən geniş tərkibli kollegiya iclasında çıxış edən zaman söyləyib.
Baş direktor Aqil Qurbanov cari ilin ilk altı ayı ərzində təminat sahəsində görülən işlər, qoşunların yeni silah və texnika ilə təchizatı, şəxsi heyətin psixoloji hazırlığı və hərbi təhsil sahəsində həyata keçirilən tədbirlər barədə məruzə edib.
O bildirib ki, dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, hərbi təhsil sahəsində cəlbediciliyin artırılması istiqamətində görülən tədbirlər, o cümlədən respublikamızın 13 şəhərində yaradılmış 17 mərkəz vasitəsilə aparılan maarifləndirmə işləri nəticəsində Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə müraciətlərin sayı 5500-dən artıq olmuşdur. Bu da yüksək keyfiyyətlərə malik namizədlərin seçilməsinə, qoşunların taktiki səviyyədə komplektləşdirilməsi, həmçinin kadr ehtiyatlarının yaradılmasında kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasına geniş imkan verir.
Qış mövsümünə hazırlıqla bağlı məsələlərə toxunan Baş direktor Azərbaycan Ordusunda bu istiqamətdə həyata keçirilən tədbirlərin plana uyğun olaraq, yüksək səviyyədə təşkil edildiyini bildirib.