Modul platformali snayper tüfəngləri – ANALİZ

Modul platformali snayper tüfəngləri – ANALİZ

Modul platformalı silahlarda tətbiq edilən cihaz və aksessuar birləşmələrinin müxtəlifliyi, atıcının fərdi xüsusiyyətlərini nəzərə alaraq əsas silahın taktiki rahatlığını əhəmiyyətli dərəcədə artırır və bununla da bütün “silah + atıcı” kompleksinin döyüş effektivliyini artır.

Müasir döyüşün aparılması şərtləri tətbiq olunan silah nümunəsinə qarşı dəqiqlik, etibarlıq, erqonomika və modulluq kimi tələblər qoyur. Qoşunlarda modul platformalı silahların istifadəsi ideyası belə demək olarsa, bir o qədər də yeni deyil. Yüksək texnoloji imkanlara sahib ölkələr artıq çoxdan praktikada orta statistik döyüşçünün imkanlarını genişləndirməkdən ötrü müxtəlif növ taktiki asqıları tətbiq edir. Bu asqılar, tamasalar, lülə yataqları praktikiliyi və rahatlığı artırmaq üçün təyin edilib. Belə sistemləri modulluq adlandırmağın bir az çətin olmasına baxmayaraq, yenə də klassik sadə silah yeni tərtibatların tətbiqi imkanı əldə edərək yüksək atəş dəqiqliyi ilə təmin olunur.
Faktiki olaraq, modul platformalı silah lazım olan anda, yerinə yetiriləcək tapşırıqdan asılı olaraq, istehsalçının istehsalat imkanlarından istifadə etmədən bir detalın və ya qovşağın əvəzinə digərinin quraşdırılmasının mövcud olduğu silah nümunəsidir. Modul platformalı silahda əsas modulluq rolunu lülələrin, çaxmağın və maqazinin dəyişdirilməsində öz təsdiqini tapır. Bunun hesabına çoxlüləli (mültiçaplı) silah əldə edilmiş olur.

fn scar sv h

Bu sahədə Belçikanın “Fabrique National Herstal” şirkəti Xüsusi Əməliyyatlar Qüvvələri üçün FN SCAR döyüş hücum tüfəngini (avtomatını) təqdim edərək bir ilkə imza atmışdır. Bu hücum tüfəngində həm 5,56×45 mm-lik, həm də 7,62×51 mm-lik lülələr tətbiq edilməklə modulluq anlayışı tam əks olunmuşdur. Şirkətin mütəxəssisləri tərəfindən hücum tüfənginin bir bazasında hərəsi 3 variant olmaqla yüngül “Light” (L) və ağır “Heavy” (H) silah sistemləri yaradılmışdır:
– yaxın döyüş üçün lüləsinin uzunluğu 253 mm olan 5,56×45 mm-lik CQC-L (Close Quarters Combat – Light) variantı;
– lüləsinin uzunluğu 351 mm olan standart 5,56×45 mm-lik STD-L (Standard – Light) variantı;
– lüləsinin uzunluğu 457,2 mm olan 5,56×45 mm-lik SV-L (Sniper Variant – Light) snayper variantı;
– yaxın döyüş üçün lüləsinin uzunluğu 330 mm olan 7,62×39 mm-lik CQC-H (Close Quarters Combat – Heavy) variantı;
– lüləsinin uzunluğu 406 mm olan standart 7,62×51 mm-lik STD-H (Standard – Heavy) variantı. Bəzi detallar dəyişdirilməklə 7,62×39 mm variantda da istifadə etmək mümkündür;
– lüləsinin uzunluğu 508 mm olan snayper 7,62×51 mm-lik SV-H (Sniper Variant –Heavy) variantı.
Bundan başqa, standart qapaqlı adi atıcı silahlar da lülə qutusunda dəyişiklik edilməklə modul silaha çevrilə bilər. Baza modul silahı dəyişdirilən, baza silahının zavod üzlüklərinin dəyişdirilməsi üçün nəzərdə tutulmuş təkmilləşdirilmiş tamasalı yığımlı (TTY, Rail Interface System – RİS) standart silahdan ibarətdir. Adətən, TTY sistemi dörd parallel köməkçi montaj tamasasından ibarət olur və lülənin ətrafında 90O bucaq altında dörd kvadrant üzərində quraşdırılır. TTY geniş spekrtdə müxtəlif taktiki ləvazimatların (yığılan açıq (mexaniki) nişangah, optik və kollimator nişangah, gecə və termal nişangah, işıq, infraqırmızı və lazer hədəfgöstərən, şaquli ön əl dəstəyi, ikiayaq-mahmız, taktiki fənər və s.) bərkidilməsini və dəqiq mövqelənməsini təmin edir.
Son dövrlərdə digər silah nümunələrində olduğu kimi snayper tüfənglərində də modul silah sistemi (Modular Weapon System – MWS) layihələri geniş tətbiq edilməkdədir. Burada əsas istiqamət olaraq, istifadəçilərin tələbləri nəzərə alınmaqla, silahın lüləsinin dəyişdirilməsi üsulu ilə onun multiçaplı olması götürülmüşdür.
Modul platformalı silah lülələri, çaxmaq dilçəyini və maqazini, həmçinin bərkitmə yeri unifikasiya olunduğu üçün lülə yatağı dəyişdirilməklə müxtəlif çapların istifadəsinə imkan verir. Belə silahlar lülədən asılı olaraq müxtəlif çaxmaq qruplarının yerləşdirilməsini də təmin edir. Bunlardan başqa, çərçivədə yerləşdirilən bütün modulların etibarlı bərkidilməsini, yığılmanın və detalların hazırlanmasının sadələşdirilməsini təmin edir.

Remington Mk 21

“Remington Mk 21” snayper tüfəngi

Remington Modular Sniper Rifle və ya MSR snayper tüfəngi modul platformaya sahib olmaqla əllə hərəkətə gətirilən uzununa sürüşən (bolt-action fəaliyyətli) çaxmaqla təchiz edilmişdir. Tüfəng ABŞ-ın “Remington Arms Company, LLC” şirkəti tərəfindən ABŞ Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün yaradılmışdır. 2009-cu ildə silahlanmaya “Remington Mk 21” markalı həssas snayper tüfəngi kimi qəbul edilmişdir. 2018-ci ildə ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının (SOCOM) tələblərinə cavab vermədiyi elan olunmuş və 2019-cu ildə təkmilləşdirilmiş variantda, “Remington Mk 22 Advanced Sniper Rifle” markası ilə yenidən silahlanmaya daxil edilmişdir.
Remington MSR snayper tüfəngi dörd variantda, .338 Lapua Magnum, .338 Norma Magnum, .300 Winchester Magnum, .308 Winchester Magnum (7.62х51 mm NATO) çaplı variantlarda təqdim olunur. Hər variantda lülənin uzunluğu 508 mm-dən 686 mm-ə qədər dəyişir. Zəruri olan çapa keçid üçün tüfəngdə lülə, çaxmaq və maqazin dəyişdirilir. MSR snayper tüfənginin əsasını üzərinə lülə qutusu, tapanşa əl dəstəyi, zərbə-tətik mexanizmi və qatlanan qundaq birləşdirilmiş alüminium tir-şassi təşkil edir. Tüfəngin tez dəyişən lülələrində silahın kütləsini azaltmaq və soyumanı yaxşılaşdırmaq üçün uzununa yivlər vardır. Lülələr xüsusi lüləağzı əyləclə təchiz edilib və tez çıxarılan səsboğucunun istifadəsi imkanı nəzərə alınıb. Lülələrin davamlığı 2500 atəşdir. Zərbə-tətik mexanizmi tam tənzimlənəndir.
Silahın patronla qidalanması tutumu 5 və 10 patron (.338 çapda), 7 patron (.300 çapda) və 10 patron (.308 çapda) olan ayrılan qutuvari maqazinlərdən yerinə yetirilir. Tezçıxarılan kronşteynli optik nişangahları quraşdırmaq məqsədi ilə lülə qutusunun üst hissəsində Picatinny rail tipli tamasa nəzərdə tutulmuşdur. Geniş spektrə sahib aksessuarların quraşdırılması üçün tüfəngin lülə yatağında əlavə Picatinny rail tipli tamasaların yerləşdirilməsindən ötrü yerlər nəzərdə tutulmuşdur.
Sağa yana qatlanan qundaq tənzimlənən arxalıq və yanaqlıqla təchiz edilib. .338 Lapua Magnum çaplı tüfəngin 1500 metrdə elan olunmuş dəqiqliyi 1 MOA təşkil edir. Tüfəngin maksimal ümumi uzunluğu modeldən asılı olaraq dəyişir, qundaq açılmış vəziyyətdə 1200 mm, qundaq yığılmış vəziyyətdə 910 mm təşkil edir. Tüfəngin kütləsi lülədən asılı olaraq, patronsuz və nişangahsız 5,9 – 6,0 kq, patronlarla və nişangahla 7,7 – 7,8 kq-dır. Hər variantda güllənin başlanğıc sürəti 938 m/san-dən 1002 m/san-ə qədər dəyişir. Qutuvari patron maqazinindən patronla qidalanan tüfəngdə Schmidt&Bender 5–25×56 PMII və ya Leupold & Stevens Mark 4 optik nişangahı tətbiq olunur.

Barret Mk22 MRAD

Barret Mk22 MRAD snayper tüfəngi

ABŞ xüsusi əməliyyat snayperləri tezliklə ordudakı hər kəsin əlinə almaq istədiyi yeni bir snayper tüfəngini alacaqlar. Bu, ABŞ-ın SOCOM komandanlığının sifarişi ilə “Barrett Firearms Manufacturing” şirkətinin dəniz piyadaları və ordu snayperləri üçün hazırladığı yeni Barret Mk22 MRAD (“Barret Mk 22 Multi-Role Adaptive Design”) snayper tüfəngidir. Snayper tüfənginin tam seriyalı istehsala çıxamsı 2021-ci il ərzində gözlənilir.
Barret Mk22 MRAD snayper tüfəngi modul platformaya sahib olmaqla əllə hərəkətə gətirilən uzununa sürüşən çaxmaqla təchiz edilmişdir. Yeni snayper tüfəngi üçün baza rolunu .338 Lapua Magnum çaplı Barret 98B oynamışdır.
Snayper tüfəngi multiçaplı olaraq .338 Lapua Magnum, .300 Winchester Magnum və .308 Winchester çaplı lülələrlə dəstləşdirilir. Bundan başqa, snayper tüfəngi alıcının istəyinə uyğun olaraq, 7,62×51 mm NATO, .300 Norma Magnum, .338 Norma Magnum, 7 mm Remington, .260 Remington və 6.5 mm Creedmoor çaplı lülələrlə də dəstləşdirilə bilər. Bu lülələrin hər biri döyüş meydanında fərqli bir məqsəd daşıyır və döyüş tapşırığının uğurla icrasını təmin edir. Lülələrin uzunluqları 508 – 685 mm arasında təklif olunur.
Snayper tüfəngi qatlanan qundağa sahibdir. Qundaq qatlandıqda çaxmaq əl dəstəyinin ətrafına sıxılır və bu da daşınma zamanı təhlükəsizliyi təmin edir. Zərbə-tətik mexanizmi tam tənzimlənəndir. Lüləağzı hissədə lüağzı əyləc çıxarılaraq səsboğucunun bərkidilməsi mümkündür.
Optik nişangahın quraşdırılmasından ötrü lülə qutusunun üst hissəsində 699 mm uzunluğunda Picatinny rail tipli tamasa yerləşdirilmişdir.
Snayper tüfənginin atəş dəqiqliyi 0,5 MOA təşkil edir. Kütləsi 6,3 – 6,9 kq, patronla qidalanması ayrılan qutuvari maqazindən, maqazinin tutumu 10 patrondur. Tüfəngdə Nightforce ATACR 7-35x FFP optik nişangahı tətbiq olunur.

Finlandiyanın bir o qədər də tanınmayan silah istehsalçısı, “W&L Firearms” şirkəti özünün “C” seriyalı modul snayper tüfənglərini yaratmışdır. “C” seriyasının modul tüfəngləri ABŞ-ın 5,56×45 mm-lik AR-15 hücum tüfənglərinə uyğun qundaq, lülə yatağı və əl dəstəyi daxil olmaqla bir neçə fərqli konfiqurasiyaya imkan verən sistemdir. Tüfənglər, optik cihazların dəqiq montaj olunması məqsədi ilə MIL-STD 1913 (“Picatinny rail”, 1995-ci il) standartına cavab verən STANAG 4694 standartlı tamölçülü tamasa ilə təchiz edilib. Lülə yatağının konstruksiyası Picatinny rail tamasasının və M-Lok, Keymod və ya Quadrail tipli kronşteynlərin köməyi ilə əlavə avadanlığın quraşdırılmasını təmin edir. Tüfəngin çaxmağı uzununa sürüşərək dönən olmaqla üç döyüş dayağına sahibdir, tez və etibarlı bağlanmanı təmin edir. Çaxmağın əl dəstəyinin qısa dönməsi böyük qabarit ölçülü optik cihazların istifadəsini mümkün edir. Çaxmaq mexanizmi və yataq birlikdə aşağı nişanalma xəttini təmin edir ki, bu da uzanmış vəziyyətdən atəş aparmanı asanlaşdırır. Patronlarla qidalanma bircərgəli qutuvari maqazindən yerinə yetirilir. Lülə paslanmayan poladdan hazırlanıb, sərbəst asmalıdır və mazğal hissədə lüləağzı əyləc-kompensator üçün yivləri var.
“C” seriyasının modul snayper tüfəngləri dörd modifikasiyada istehsal edilir: orta, böyük, böyük magnum və iriçaplı. Bu modifikasiyalar isə ümumilikdə doqquz çapda olur. Orta modifikasiyasına .308 Win, .260 Rem, 6.5×47 Lapua, 6.5 Creedmoor, böyük modifikasiyasına .300 WM, 7 mm RemMag, .338 WM, böyük magnum modifikasiyasına .300 NM, .338 LM, İriçaplı modifikasiyasına isə .408 CheyTac, .460 Steyr və .50BMG çaplar daxildir. Lülənin uzunluğu 610 / 660 / 711 mm olaraq dəyişir. Ümumi uzunluğu modifikasiyalardan asılı olaraq 1133 mm-dən 1250 mm-ə qədər, kütləsi isə 5,55 kq-dan 6,05 kq-a qədər dəyişir.

DVL 10M1 Diversant scaled

DVL-10M1 “Diversant” snayper tüfəngi

Rusiyanın “Lobaev Arms” şirkəti .338 Lobaev Whisper (.338LW) çaplı taktiki DVL-10 Lobayevin diversiya tüfənginin bazasında DVL-10M1 “Diversant”, DVL-10M2 “Urbana” və DVL-10M3 “Volkodav” modul snayper tüfənglərini yaratmışdır. Snayper tüfəngləri geniş spektrə malik tapşırıqların yerinə yetirilməsi üçün təyin edilmiş yüngül silahdır. Snayper tüfənginin hər bir modeli üç müxtəlif çaplı lülənin quraşdırılmasını təmin edir.
Portativ və kifayət qədər yüngül olması sayəsində polis və digər xüsusi təyinatlı bölmələrin snayper silahı kimi tətbiq edilə bilər.
DVL-10М1 “Diversant” modul platformalı yüngül snayper tüfəngi olmaqla, səssiz atəş aparmaq üçün təyin edilib. Tüfəng maqazinli “COUNT” çaxmaq qrupu ətrafında qurulub. Digər modellərdən fərqli olaraq, “Lobaev Arms” şirkətinin istehsalı olan səsəqədər .40 Lobaev Whisper patronlarının istifadəsini təmin edir. Lülə dəyişdirildikdə isə, müvafiq olaraq .308 Win və .338 Federal patronlarının istifadəsi mümkündür.
DVL-10M2 snayper tüfəngi üçün tamamilə yeni, həm yüngül və kompakt, həm də möhkəm çaxmaq qrupu – maqazinli “COUNT” çaxmaq qrupu ətrafında qurulub. DVL-10M2 snayper tüfəngi şirkətin digər SVL snayper tüfənglərində tətbiq edilən yığılan qundaqla təchiz edilib. Baza dəstləşməsində səsboğucu nəzərdə tutulmayıb. Tüfəngdə, üzərindəki lülədən asılı olaraq, .308 Win, 6.5×47 Lapua və 6.5-284 Win patronlarının istifadəsi mümkündür.
Xüsusi tapşırıqların yerinə yetirilməsindən ötrü DVL-10M1 “Diversant” tüfəngini DVL-10M2 snayper tüfənginə və ya əksinə asanlıqla çevirmək mümkündür.
Modul snayper tüfənginin daha bir variantı isə qısaldılmış və yüngülləşdirilmiş DVL-10M3 “Volkodav” modelidir. Modeldə çaxmaq dəstəyinin və gilizçıxarma yuvasının sol tərəfdə yerləşdirilməsi və taktiki səsboğucunun tətbiqi mümkündür. DVL-10M3 snayper tüfəngi dəqiqliyə və atış məsafəsinə xələl gətirmədən DVL-10M2 tüfənginə nisbətən 1,5 kq yüngül hazırlanmışdır. Yeni modeldə həm 10 patronluq, həm də 5 patronluq maqazinlərdən istifadə etmək mümkündür. Tüfəngdə atəş aparmaqdan ötrü, üzərindəki lülədən asılı olaraq, .308 Win, 6.5×47 Lapua və .338 Federal patronlarının istifadəsi mümkündür.
Bütün modellərdə optik nişangah və aksessuarların quraşdırılmasından ötrü Picatiny rail tipli tamasa nəzərdə tutulmuşdur. DVL-10 tüfənginim versiyalarının ümumi uzunluğu 825 – 990 mm, qundaq açılmış vəziyyətdə 1060 – 1223 mm, lülənin uzunluğu 400 – 660 mm arasında dəyişir. Kütləsi dolu maqazin və optik nişangahla birlikdə 4,5 – 6,0 kq, maksimal effektiv atəş məsafəsi 600 – 1000 metr təşkil edir. Texniki dəqiqliyi 0,38 MOA – 0,5 MOA, güllənin başlanğıc sürəti 800 – 840 metr/saniyə-dir.

50 BMG capli AX50 ELR snayper tufəngi

.50 BMG çaplı AX50 ELR snayper tüfəngi

Almaniyanın “Tec Target Schneider” və “IEA Mil-Optics GmbH” şirkətləri “bullpap” quruluşa (patron yuvası, çaxmaq və maqazin sistemi qundağa yerləşdirilib) sahib yeni modul platformalı snayper tüfəngi işləyib hazırlamışlar. Yeni silah iki variantda hazırlanmışdır: standart TTS Xceed Rifle və kompakt TTS Xceed Carbine. Burada “rifle” və “carbine” ifadələrindən silahın böyük nümunəsinin kiçik nümunədən ayrılması üçün istifadə edilir.
TTS Xceed modul platformalı snayper tüfəngi əllə hərəkətə gətirilən uzununa sürüşən və dönərək bağlanan çaxmaq mexanizmi ilə təchiz edilib.
Snayper tüfəngi modul quruluşa sahib olmaqla yanaşı bəzi üstünlüklərə də malikdir. Belə ki, gövdə yüksək möhkəmlikli alüminiumdan hazırlanıb, metal detallar xüsusi mühafizə örtüyü ilə örtülülb, silahın udarəetmə mexanizmləri hər iki tərəfə çıxarılıb. TTS Xceed snayper tüfənginin digər üstünlüklərinə uzunluq üzrə tam tənzimlənən qundaq (təpməni zəiflədən arxalıqla birlikdə), erqonomik tapança əl dəstəyi, əlcəklə işləməni təmin edən böyüdülmüş buraxma qarmağı və buraxma qarmağının qoruyucusu, üç mövqeli ikitərəfli qoruyucu-atəş rejiminin keçiricisi aiddir. Atışın aparılmasını rahatlaşdırmaqdan ötrü qundaqda tənzimlənən monopod-dayaq, lülənin üst hissəsində yerləşən ikiayaq-mahmız, uzaq məsafələrə atəş aparmanı təmin edən nişangah bərkitmək üçün Picatinny rail tamasası və aksessuarlar üçün M-Lok tipli kronşteynlər nəzərdə tutulmuşdur.
Müxtəlif çaplı lülələr paslanmayan poladdan hazırlanıb, kütləsinin yüngülləşdirilməsi və soyutmanı asanlaşdırmaqdan ötrü xarici səthində uzununa xüsusi kəsiklər nəzərdə tutulmuşdur. Hibrid quruluşa sahib alovboğucu titandan hazırlanıb və almazabənzər örtüklə örtülüb.
Tüfəngin patronlarla qidalanması 5 patronluq bir cərgəli qutuvari maqazinlərdən yerinə yetirlir. Tüfənglərində atəş aparmaqdan ötrü, üzərindəki lülədən asılı olaraq, 6 mm XC Norma, 6.5 mm Creedmoor, 6.5×47 mm Lapua, .308 Win., .300 Winchester Magnum və .338 Lapua Magnum patronlarının istifadəsi mümkündür. Tüfəngin uzunluğu müvafiq olaraq 875 – 1100 mm, lülənin uzunluğu 515 – 740 mm təşkil edir.

TTS Xceed Carbine (yuxarıda) və TTS Xceed Rifle (aşağıda) snayper tüfəngləri
Böyük Britaniyanın “Accuracy International” şirkəti də müxtəlif çaplı (multicaliber) silahların yaradılması istiqamətində konstruktor işləmləri yerinə yetirərək .50 BMG standart çaplı AX50 ELR və .338 Lapua Magnum standart çaplı AX MKIII markalı snayper tüfənglərini yaratmışdır. Tüfənglər xüsusi təyinatlı bölmələrin silahlandırılması üçün təyin edilmişdir.
Hər iki silahın konstruksiyası qısa zaman daxilində onun bir çapdan digərinə çevrilməsini təmin edir. Belə ki, baza variant olan .50 BMG çaplı güclü AX50 ELR (Extreme Long Range) snayper tüfəngini .408 CheyTac (10,3×77 mm) və .375 CheyTac (9.5×77 mm) çaplı snayper tüfənginə çevirməkdən ötrü silahın dəstində müvafiq dəstlər nəzərdə tutulmuşdur.
Müvafiq dəstlər hesabına AX MKIII snayper tüfəngi 338 Norma Magnum (8,6×64 mm), .300 Norma Magnum (7,83×63 mm), .300 Winchester Magnum (7,62×67 mm), .308 Winchester (7,62×51 mm НАТО), 6.5 mm Creedmoor çaplı snayper tüfənginə çevrilə bilir. Ümumilikdə bir baza əsasında bir neçə variantda silah əldə etmək mümkündür.

Həm AX MKIII snayper tüfəngində, həm də AX50 ELR snayper tüfəngində təkmilləşdirilmiş detallar tətbiq edilmiş, eləcə də üçayaq üzərinə quraşdırılması üçün Automatic ARCA Rail tipli lövhə nəzərdə tutulmuşdur. Hətta ən böyük çaplarda belə, patron maqazinin tutumu dəyişmədən 10 patron saxlanılmışdır.

Tüfənglər NATO standartlarına uyğun sınaqlardan keçirilmiş və müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün uyğunlaşdırıla bilirlər.
AX MKIII snayper tüfəngi lülə qutusunun, simmetrik 3 mövqeli qoruyucunun və AR-15 stilində ayrı duran dəyişdirilə bilən tapança əl dəstəyinin yaxşılaşdırılmış xüsusiyyətlərinə sahibdir. Snayper tüfəngi yoxlanmış, etibarlı, 10 patronluq ikicərgəli Aİ maqazinləri ilə dəstləşdirilir. Tüfəngdə əllə hərəkət gətirilən uzununa sürüşən çaxmaq nəzərdə tutulmuşdur. Çaxmaqda cüt-cüt qruplaşdırılmış altı döyüş dayağı mövcuddur, çaxmağın lülə kanalını bağlama və açma zamanı dönməsi 60O təşkil edir. Tüfənglərin kütləsi, boş maqazinlə və optik nişangahsız AX MKIII – 7,4 kq, AX50 ELR – 12,6 kq təşkil edir. Uzunluqları müvafiq olaraq açılmış qundaqla 1225 – 1383 mm, yığılmış qundaqla 1030 – 1145 mm-dir. Lülənin uzunluğu 508 – 685 mm olaraq dəyişilir. Atəş məsafəsi patrondan asılı olaraq AX MKIII tüfəngində 1200 – 1500 metr, AX50 ELR tüfəngində 2000 – 3500 metr təşkil edir.

CDX MC Kraken snayper tufəngi scaled

CDX-MC „Kraken“ snayper tüfəngi

Kanadanın “Cadex Defence” şirkəti yeni multiçaplı CDX-MC „Kraken“ snayper tüfəngini yaradaraq, bir silahda yeddi çapın – 260 Remington, 6.5 Creedmoor, 6.5×47 Lapua, .308 Winchester, .300 Winchester Magnum, .300 Norma Magnum və .338 Lapua Magnum istifadəsini mümkün etmişdir. Lülələrin dəyişdirilməsi çox sadə və tez bir zamanda yerinə yetirilir.
Lülənin dəyişdirmək üçün şassinin aşağı lövhəsini birləşdirən yeganı vinti açmaq və maqazin şaxtasını dəyişdirmək lazımdır. Sonra, çaxmağın yerinə xüsusi yamsılayıcını qoyaraq, onu lülə ilə birlikdə iki açarla yüngülcə döndərmək və yamsılayıcı çıxarıldıqdan sonra lüləni açmaq tələb olunur. Sonra yeni lülə bağlanır, yenidən yamsılayıcı qoyulur və açarlarla tələb olunan gücə qədər bərkidilir. Yamsılayıcı çıxarılır və çaxmaq yerinə qoyulur.
Bu sistem istehsalçı tərəfindən patentləşdirilib və “Kraken” tüfəngində lülə dəyişdirildikdən sonra orta dəymə nöqtəsinin (ODN) minimal yerdəyişməsini təmin edir. Bu da silah bazarındakı mövcud multiçaplı silahlar arasında ən minimal ODN əldə edilməsini təmin edir.
CDX-MC “Kraken” snayper tüfəngi öz formasını dəyişə bilir. Belə ki, silahın üzərinə müxtəlif lüləağzı əyləc və ya səsboğucu, yenidəndoldurma əl dəstəyi, qatlanan qundaq, tapança əl dəstəyi, buraxma qarmağı (0.68-2.3 kq gücündə xəbərdarlıq edilmədən DX1 və ya 0.91-2.3 kq gücündə xəbərdarlıqla DX2) və başqa konstruktiv elementlər quraşdırılmaqla onun forması dəyişdirilə bilir.
Bu xüsusiyyətlərlə yanaşı, CDX-MC “Kraken” snayper tüfəngi istehsalatda rəqəmsal proqram idarəetməsinin (computer numerical control – CNC), paslanmayan materiallardan hazırlanan resiver və çaxmağın, Bartlein Barrels istehsalı paslanmayan polad lülənin, yüksək effektivlikli Cadex MX1 lüləağzı əyləcin, Cadex Dual Strike etibarlı modul şassinin tətbiqi, həmçinin yüksək keyfiyyətli materialların istifadəsi, qundağın qatlanması zamanı çaxmağı fiksasiya olunması, alətlərdən istifadə etmədən qundağın erqonomik tənzimlənməsi, buraxma qarmağının tənzimlənməsi və dayanıqlı Ceracote örtüyündən istifadə kimi digər xüsusiyyətlərə də sahibdir. Tüfəngin kütləsi, boş maqazinlə və optik nişangahsız 7 kq, uzunluğu açılmış qundaqla 1171 mm, yığılmış qundaqla 944,9 mm təşkil edir. Lülənin uzunluğu 610 – 660 mm arası dəyişir. Texniki dəqiqliyi 0,6 – 0,7 МОА, atəş məsafəsi patrondan asılı olaraq 1500 – 2000 metrdir. Maqazinin tutumu 10 patrondur. Tüfəng Nightforce ATACR 5-25×56 F1 nişangahı ilə dəstləşdirilib.

ORSIS F17 modul platformali snayper tufəngi

ORSİS-F17 modul platformalı snayper tüfəngi

ORSİS-F17 modul platformalı snayper tüfəngi Rusiya Federasiyasının “Promtexnologiya” MMC (brend “ORSİS” – Orujeynıye sistemı) tərəfindən yaradılmışdır. İstehsalçının bildirməsinə görə, ORSIS–F17 çox çaplı tüfəng qarşılıqlı istisna vəzifələri həll etməsi lazım olan insanlar üçün nəzərdə tutulmuşdur. Bu silahın konstruksiyası səhra şəraitində tez bir zamanda tək altıtinli açarın köməyi ilə çapını dəyişdirmək imkanı verir.
Silahın lülə qutusunun konstruksiyasının möhkəmliyi hər üç lülənin, o cümlədən daha güclü .338 Lapua Magnum çaplı lülənin istifadəsini təmin edir. Tüfəngin lüləsi asmadır ki, bu da atəşin topluluğunu və dəqiqliyini yüksəldir. Müştərinin istəyindən asılı olaraq, tüfəngin hər üç çapda 812,8 mm (32 düym) uzunluqlu lülə ilə təchiz olunmuş variantı da istehsal edilə bilir. Standart olaraq iki növ lüləağzı əyləclə dəstləşdirilir. Lüləağzı əyləclər üç və ya dörd yarıqlı olması ilə fərqlənir.
ORSİS-F17 snayper tüfəngində həm monopod dayaqlı, həm də onsuz qundağın istifadəsi mümkündür. Qundaq, qundaq üzərində nəzərədə tutulmuş arxalıq və yanaqcıq tənzimlənəndir. Qundaq sola qatlanandır. Snayper tüfənginin lülə yatağının üst və alt hissələrində optik nişangahın və aksessuarların quraşdırılması üçün Picatinny rail tipli tamasa yerləşdirilmişdir. Tüfəngdə əsasən Rusiyanın “Dedal-NV” şirkətinin optik və gecə nişangahlarındsan istifadə olunur. ORSİS–F17 sisteminin üstünlüyü, atıcının təlim üçün daha kiçik çaplı patronlardan, zərurət olduqda isə böyük çaplı patronlardan uzun məsafəli atış və daha böyük hədəflərə vurmaq üçün istifadə etməsidir. Bu da maliyyə baxımından çox sərfəlidir.
ORSIS-F17 snayper tüfəngini haqlı olaraq ORSIS T-5000 M-nin “varisi” adlandırıla bilər – elan edilmiş dəqiqliyi də 0,5 MOA-dan çox deyil, oturacaq yerləri fərqlənmək şərti ilə qundaqları demək olar ki, eynidir və eyni lülə yatağından istifadə olunur. Bununla belə, multikaliber tüfəngin üstünlüyü, onun modul konstruksiyasına görə çoxyönlü olmasıdır. Əvəz edilən çap dəsti lülədən, çaxmaq dilçəyindən və müxtəlif çaplar üçün tək maqazin gövdəsində quraşdırılmış bir sıra xüsusi ayırıcılardan ibarətdir.
Tüfəng trisimmetrik döyüş dayaqları ilə kilidlənir. Tez dəyişdirilən lülənin bərkidicisi süngü tipli bir əlaqəni özündə tərənnüm edir. Tüfəngin gövdə hissələri yüksək möhkəmlikli alüminium ərintisindən hazırlanır.Tüfəng .308 Winchester, .300 Winchester Magnum və .338 Lapua Magnum çaplı lülələrlə dəstləşdirilir.
Hazırda ORSIS-F17 snayper tüfəngi Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin, Rosqvardiyanın və Xüsusi Əməliyyatlar Qüvvələrinin silahlanmasındadır. Tüfəngin kütləsi boş maqazinlə və optik nişangahsız 7,3 kq, uzunluğu qundaq açılmış vəziyyətdə 1240 – 1297 mm, qundaq qatlanmış vəziyyətdə 971 – 1028 mm arası dəyişir. Lülənin uzunluğu 660 – 700 mm, effektiv atəş məsafəsi 800 – 1200 metrdir. Maqazinin tutumu 5 patrondur.

Sako TRG M10 snayper tufəngi

Sako TRG M10 snayper tüfəngi

Finlandiyanın SAKO şirkəti yeni Sako TRG M10 yüksək dəqiqlikli modul platformalı snayper tüfənginin istehsalını həyata keçirir. Snayper tüfəngi .308 Winchester və .338 Lapua Magnum çaplı lülələrlə dəstləşdirilir. Lülələr yüksək keyfiyyətli poladdan soyuq döymə üsulu ilə hazırlanır. Lülə lülə yatağının örtüyünə yerləşdirilib. Lülə yatağı ventilyasiya dəlikləri olan səkkiz tinli asqı formasında hazırlanmışdır və yatağın üzərinə optik nişangahları, müxtəlif növ köməkçi başlıqları və aksessuarları quraşdırmaq üçün Picatinny rail tipli tamasa yerləşdirilmişdir. Lülə, lüləağzı əyləc-kompünsatorun və ya taktiki səsboğucunun bağlanması üçün 18×1 ölçülü yivlə təchiz edilib. Tüfəngdə bir neçə çapa uyğun gələn əllə hərəkətə gətirilən uzununa sürüşən çaxmaqlar nəzərdə tutulmuşdur. Snayper tüfənginin qundağı tənzimlənəndir. Zərurət olduqda qundağı silahın dəstinə daxil olan alətlərin köməyi ilə bloklamaq mümkündür.
Konfiqurasiyasının dəyişməsi xüsusiyyəti Sako TRG M10 snayper tüfənginə universallıq verir: tüfəng uzaq mənzilli əsl yüksək dəqiqlikli silahdan asanlıqla kiçik ölçülü kompakt silaha çevrilmə imkanı verir. Silahın idarəetmə orqanları rahatlığı təmin etməkdən ötrü hər iki tərəfə çıxarılmışdır. Əlcəklə istifadəni nəzərə alaraq onların ölçüləri kifayət qədər böyük hazırlanmışdır. Texniki qulluq zamanı möhkəm və tam tənzimlənən buraxma qarmağını ayırmaq, eləcə də silahı sökmədən tənzimləmək mümkündür.
Lülə qutusu soyuq döymə üsulu ilə xüsusi xəlitəli poladdan hazırlanmışdır. Lülə qutusu üç bərkitmə vintinin köməyi ilə sabitləşdirilir. Tüfəngin qəbuledicisində Picatinny rail tipli tamasanın yerləşdirilməsi üçün xüsusi yivlər açılmışdır. Oxvari nişangahın yerləşdirilməsi üçün 17 mm-lik montaj kronşteyni quraşdırılmışdır. Çaxmaq üç döyüş dayağına sahibdir və lülə kanalının tam bağlanmasını təmin edir. Dönmə bucağı 60O-dir. Etibarlı ekstraktor və aktiv itələyici ilə təchiz edilib. Buraxma mexanizmi və yenidəndoldurma dəstəyi yüksək təhlükəsizlik xüsusiyyətlərinə sahibdir. Yenidəndoldurma dəstəyi çox erqonomikdir və rahat istifadəni təmin edir.
Silahın patronla qidalanması qutuvari maqazindən həyata keçirilir. Əlavə olaraq böyük tutumlu patron maqazininin istifadəsi mümkündür. Patron iki cərgəlidir və maqazində patronlar şahmat qaydasında yerləşir. Yaxşı tutmanı, yüngül və tez çıxarmanı təmin etməkdən ötrü hər iki tərəfdə düymə nəzərdə tutulmuşdur maqazinin tutumu .308 Winchester çaplı patronlar üçün 10 patron, .300 Winchester Magnum çaplı patronlar üçün 7 patron və .338 Lapua Magnum çaplı patronlar üçün 5 patrondur. Tüfəngin kütləsi boş maqazinlə və optik nişangahsız 6 – 6,5 kq, ümumi uzunluğu 1037 – 1216 mm, lülənin uzunluğu 509 – 689 mm arası dəyişir. Effektiv atəş məsafəsi 800 metr təşkil edir.

ATA Arms sirkətinin yeni ASR snayper tufəngi

“ATA Arms” şirkətinin yeni ASR snayper tüfəngi

Türkiyənin “ATA Arms” şirkəti yeni “ASR multi kalibre keskin nişancı tüfeği”ni artıq geniş ictimaiyyətə təqdim etmişdir. Snayper tüfəngi əllə hərkətə gətirilən uzununa sürüşən çaxamağa və dəyişdirilən .308 Winchester, .300 Winchester Magnum və .338 Lapua Magnum çaplı lülələrə sahibdir. Lülələr və maqazin qəbuledicisi altıtinli açarın köməyi ilə bir dəqiqə ərzində asanlıqla dəyişdirilir. Çaxmağın dəyişdirilməsi üçün isə heç bir alətə ehtiyac duyulmur. Snayper tüfənginin çaxmağı istifadə olunan patronun çapına uyğun olaraq üç dilçəklə təchiz edilir. Çaxmaq 60O bucaq altında dönərək lülə kanalının etibarlı bağlanmasını təmin edir.
İstifadə olunan patrona uyğun olaraq, tüfəngdə iki ədəd maqazin qəbuledicisi və üç ədəd AI AX standartlı ayrılan qutuvari maqazin nəzərdə tutulmuşdur. Tüfəngin lülə yatağı alüminiumdan hazırlanmışdır və üzərində Picatinny rail tipli tamasa və M-Lok tipli kronşteynlər yerləşdirilmişdir. Eləcə də lülə qutusu alüminiumdan hazırlanmışdır və üzərində Picatinny rail tipli tamasa yerləşdirilmişdir. Qoruyucu-atəş rejiminin keçiricisi üç pilləlidir: “F” – atəş, “S” – qoruyucu (vurucu işləməyən vəziyyət), “L” – kilidli (daşımaq üçün çaxmaq kilidlənmiş vəziyyət).
Snayper tüfəngi tənzimlənən qundaq, həmçinin qoruyuculu və zərbə-tətik mexanizmli (ZTM) AR-15 tipli erqonomik tapança əl dəstəyi ilə dəstləşdirilib. Qundaq, daxilə yığılan və iki pillədə tənzimlənən monopod ayaqla dəstləşdirilir. ZTM iki pilləlidir, buraxma gücünün 0,6 – 1,5 kq arasında tənzimlənməsini təmin edir. Tüfəngin ümumi kütləsi çapdan asılı olaraq 5,9 – 6,3 kq arasında dəyişir. Ümumi uzunluğu qundaq açılmış vəzyyətdə 1181 – 1257 mm, qundaq qatlanmış vəziyyətdə 933 – 1009 mm təşkil edir. Tüfəng qutuvari maqazindən qidalanır, maqazinin tutumu 10 patrondur.

Əhəd Əzizov

POLİQON JURNALI

CATEGORIES
TAGS