Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti BƏƏ-də səfərdədir

Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti BƏƏ-də səfərdədir

Yanvarın 23-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində UMEX-2024 pilotsuz sistemlər üzrə sərgi və konfrans öz işinə başlayıb.

Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, BƏƏ-nin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın himayəsi, Müdafiə Nazirliyinin dəstəyi və “ADNEC Group”un təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Səfər çərçivəsində nazir V.Mustafayev BƏƏ-nin hərbi sənaye kompleksinin əsasını təşkil edən “Tawazun” Sənaye Parkına daxil olan “Halcon”, “Al Tariq”, “Lahab”, “Nimr” və “Caracal” müəssisələrini ziyarət edərək, istehsal imkanları ilə yaxından tanış olub, həmçinin gələcək əməkdaşlıq və qarşılıqlı səfərlərin təşkili ilə bağlı müzakirələr aparıb.

Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin müdafiə işləri üzrə dövlət naziri və Nazirlər Şurasının üzvü Məhəmməd bin Mübarək Fadel Əl Mazrouei və EDGE şirkətinin İdarə Heyətinin sədri Faisal Əl Bannai ilə görüşən V.Mustafayev UMEX-2024 sərgisində iştirak etməkdən məmnunluğunu bildirib. O, BƏƏ ilə əməkdaşlığın Azərbaycanın müdafiə sənayesinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb və görüş iştirakçılarını Bakıda keçiriləcək ADEX-2024 5-ci Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.

Görüşlər zamanı mövcud əməkdaşlığın inkişafı və maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 26 ölkə üzrə 134-dən çox iştirakçının qatıldığı və 500-dən artıq xarici nümayəndənin iştirak etdiyi UMEX-2024 sərgisində aviasiya və kosmonavtika sahəsinə aid olan texnologiyalar nümayiş etdirilir.

Sərgi yanvarın 25-dək davam edəcək.

CATEGORIES
TAGS