Orta məktəblərdə hərbi hazırlıq dərsləri: haradan və nədən başlamalı?

Orta məktəblərdə hərbi hazırlıq dərsləri: haradan və nədən başlamalı?

Son günlər kütləvi informasiya vasitələrində bir sıra millət vəkilləri, hərbi ekspertlər və ictimai təşkilatların nümayəndələri tərəfindən orta məktəblərdə hərbi hazırlıq dərslərinin tədrissinin səviyyəsinin yüksəldilməsi, məktəblərin əyani vəsaitlərlə təchiz edilməsinə dair fikirlər səslənməkdədir. Ekspertlərin fikrincə, ölkənin müharibə şəraitində olması bu fənnin tədrisini zəruri edir. Bu baxımdan məktəblərdə sözügedən fənnin tədrisinə diqqət artırılmalı, hərbi kabinetlər yaradılmalı, təlim silahları və digər zəruri əşyalarla təchiz edilməli, ehtiyatda olan zabitlər bu fənnin tədrisinə cəlb olunmalıdırlar.

Açıqlamalar gözəldir və ictimaiyyət tərəfindən də dəstəklənir. Təəssüf ki, aralarında yüksək rütbəli zabitlər də olmaqla, qeyd edilən fikirləri səsləndirən şəxslərin çoxunun nə orta məktəblərdə bu fənnin tədrisindən, nə də tədris edilən dərslikdən xəbərləri yoxdur. Başqa sözlə, jurnalisti cavabsız qoymayım deyə cavab verirlər. Bəs “Çağırışaqədərki hazırlıq” fəninin tədrisində real vəziyyət necədir? Bu sualın cavabını tapmaq üçün “Azeri Defence” saytı olaraq kiçik bir araşdırma apardıq.

Dərsliklərin yenidən yazılmasına ehtiyac var

Araşdırmalara bazadan – orta məktəblərin 10-cu və 11-ci siniflərində tədris edilən “Çağırışaqədərki hazırlıq” dərsliklərindən başlayaq. Həmsöhbət olduğumuz müəllim və ekspertlərin də yaralı yeri, başqa sözlə, problemin mənbəyi məhz elə bu dərsliklərdir.

Biz hələ ötəri göz gəzdirmişik. Yazımızdakı fikirlərlər razılaşmayanlar, uzağa getmədən, kitab mağazalarından bu dərslikləri əldə edib tanış ola bilərlər.

Qısa araşdırmadan gəldiyimiz birinci qənaət ondan ibarət oldu ki, dərslikdəki bölmələr üzrə müəyyən olunan mövzular demək olar ki, orta məktəb səviyyəsində yazılmayıb, məzmun anlaşılan səviyyədə deyil. Hətta həmsöhbət olduğumuz, “Çağırışaqədərki hazırlıq” fənnini tədris edən ehtiyatda olan zabitlər də şagirdlərin dərslikdəki mövzuları mənimsəməkdə çətinlik çəkdiklərini deyirlər. Eyni zamanda müəllimlər, həm dərslik, həm də müəllim üçün vəsaitin anlaşılmayan terminlərlə “bol olmasından” gileylənirlər. Başqa sözlə, məzmun baxımından çox çətin anlaşılan dərslikdəki mövzular sanki orta məktəb şagirdlərinə deyil, hərbi hissədə zabitlərə keçirilən movzuları xatırladır.

Mütəxəssislər hesab edirlər ki, dərsliyin “Taktiki hazırlıq” bölməsində 11-ci sinif şagirdlərinə taqım hazırlığı səviyyəsində mövzuların salınması məntiqə uyğun deyil. Hansı ki, keçmiş SSRİ dövründə, eləcə də müstəqilliyin ilk illərindən 2014-cü ilə qədər yazılan dərsliklərdə “Taktiki hazırlıq” bölməsi yalnız manqa hazırlığı ilə kifayətlənib. “Silahlar və atəş hazırlığı” bölməsində isə əvvəlki dərsliklərdə yalnız avtomat və əl pulemyotu, bu silahların təyinatı və quruluşu, taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb yığılma qaydaları haqqında məlumat verildiyi halda, hazırkı dərslikdə əlavə olaraq tank pulemyotları barədə mövzular yer alır. Bundan başqa, əvvəlki dərsliklərdə mina hazırlığı mövzusunda tank və piyada əleyhinə minalar haqqında qısa və yığcam məlumat verilsə də, hazırkı dərslikdə şagird səviyyəsində anlaşılmayan, ordunun mühəndis-istehkam xidmətinin mütəxəssislərinin bilməli olduqları bütün minalar öz əksini tapıb. “Hərbi topoqrafiq” mövzusunda əvvəlki dərslikdə kompas vasitəsilə üfüqün cəhətlərinin təyin edilməsi və azimut istiqamətində hərəkət anlaşılan səviyyədə verildiyi halda yeni dərslikdə bu mövzu mürəkkəbləşdirilib, başqa sözlə desək Ali Hərbi Məktəbdə tədris edilən topoqrafiya mövzusuna yaxınlaşdırılıb.

Digər maraqlı məqam isə son zamanlar aktuallaşan kimyəvi, bioloji, bakteroloji və nüvə təhlükəsizliyi, pandemiyalar və epidemiyalar dövründə davranış mövzusudur. 2011-2014-cü illərdə Həbib Ocaqov və Rövşən Qasımovun hazırladığı 10 və 11-ci siniflər üçün “Gənclərin Çağırışaqədərki Hazırlığı” dərsliyin “Təhlükəsizlik və Fövqəladə Hallarda İnsanların Mühafizəsi” bölməsində bütün bunlar nəzərə alınsa da yeni yeni dərsliklərdə bu mövzulara diqqət yetirilmir.

Dəsrlər necə keçirilir?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Gənclərin Çağırışaqədərki Hazırlığı və Fiziki Tərbiyə fənni üzrə metodisti Rövşən Qasımov “Azeri Defence”ə açıqlamasında bildirib ki, hazırda Azərbaycanda ümumtəhsil müəssisələrinin 10 və 11-ci siniflərində oğlan və qız şagirdlərinə il boyu 68 saat və həftədə 2 saat olmaqla “Çağırışaqədərki hazırlıq” dərsləri tədris olunur. Fənnin tədrisi Gənclərin İbtidai Hərbi hazırlıq Əsasnaməsinin 29 may 1998-ci il qərarına uyğun olaraq tənzimlənir. Fənni tədris edən müəllimlər Azərbaycan Dövlət Pedeqoji Universitetinin hərbi hazırlıq və fiziki təlim fakultəsini bitirən məzunlar və eyni zamanda silahlı qüvvələrdən ehtiyata  buraxılan zabitlərdir.

Rövşən Qasımov məktəblərin əyani vəsaitlərlə təchiz edilməsi istiqamətində işlərin aparıldığını da bildirib. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 308 ümumtəhsil məktəbinin 100-ə yaxınında “elektron silah” layihəsinin həyata keçirildiyini deyən R. Qasımovun sözlərinə görə, bu layihə çərçivəsində məktəblər atış simulyatorları ilə təchiz olunub.

“Bu da dərslərin inovativ üsullarla keçirilməsinə imkan verir. Şagirdlər hər tədris ilində proqram materialına uygun olaraq elektron silahdan atəş açır, atışın əsas və qaydalarını öyrənir, həmin silah komplektinə daxil olan digər AK-74 avtomatını atamam sökülüb yıgırlar. Elektron silah layihəsi olmayan digər məktəblər isə elektron silah layihəsi olan məktəblərlə əməkdaşlıq edirlər”, – deyə R. Qasımov vurğulayıb. ders

Hərbi rəhbərlərin özləri ilə də seminar və məşğələlərin keçirildiyini deyən metodistin sözlərinə görə, bu toplantılarda il boyu keçirilən mövzular müzakirə olunur, hərbi rəhbərlərin təqdimatları dinlənilir.

“Şagirdlərdə hərbi sahədə bir çox bacarıqları formalaşdırmaq məqsədilə il boyü hərbi rəhbərlər tərəfindən virtual silahdan atış qaydaları, AK-74 avtomatının natamam sökülüb yığılması, darağa patronun doldurub boşaldılması qaydaları öyrədilir. Təlim minaları, təlim qumbaralarının təyinatı və quruluşu haqqında məlumatlar verilir, mülkü müdafiə hazırlığı üzrə əleyhqazın geyinib çıxardılması və ilk tibbi yardım qaydaları, yaralının təhlükəli zonadan çıxarılması qaydaları praktik olaraq yerinə yetirilir. Eyni zamanda il boyu məktəblərimizdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyi ilə birlikdə hərbi idman oyunları təşkil olunur”, – deyən R. Qasımovun sözlərinə görə, hərbi məktəblərə qəbulun ildən-ilə artması göstəricisi də bunun nəticəsidir.

Hərbi kabinetlərin yaradılması vacibdir

Hərbi rəhbərlər orta məktəblərdə hərbi kabinetlərin və maddi-texniki bazanın olmamasını bu sahədə dərsliklə yanaşı əsas problemlərdən biri kimi görürlər. Bəzi yerlərdə məktəblər yaxınlıqda yerləşən hərbi hissəslərlə münasibətlər yaradaraq, əyani dərsləri hərbi hissələrdə keçir. Lakin bu da qane edici deyil.

Həmsöhbət olduğumuz hərbi rəhbərlər məktəblərə verilən silahın hissələrini anladan plakatların tədris üçün yetərli olmadığını düşünürlər. Bəzi müəllimlər isə internetdən silahların sökülüb yığılmasını, iş prinsipini anladan videolar yükləyərək dərslərdə istifadə etdiklərini deyirlər. Mütəxəssislərin fikrincə, məktəblərdə təlim silahları olmasa belə, gənclər silahları animasiya formasında hazırlanmış bu tip simulyasiya vasitələri ilə daha asan qavrayırlar.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov “Azeri Defence”ə açıqlamasında məktəblərdə hərbi kabinetlərin yaradılmasının vacibliyinə toxunub. Cəlil Xəlilovun sözlərinə görə, Bakı şəhərində bəzi məktəblər var ki, Müdafiə Nazirliyi, DİN Daxili Qoşunları və Dövlət Sərhəd Xidməti tərəfindən hamiliyə götürülüb. Adıçəkilən qurumlar tərəfindən həmin məktəblərdə tam təchiz olunmuş hərbi siniflər yaradılıb.

“Hesab edirəm ki, bu təcrübə geniş tətbiq edilməlidir.Həm hərbi qurumlar, həm də biz veteranlar təşkilatı olaraq bu işdə yaxından iştirak edə, öz töhvəmizi verə bilərik. Bir çox avadanlıqlar ölkəmizdə istehsal edildiyindən əldə edib, məktəbləri təmin etmək, daha müasir texnologiyaları tədris prosesinə tətbiq eləmək mümkündür”, – deyə C. Xəlilov qeyd edib.

“Azeri Defence”nin apardığı araşdırmalara görə, hazırda respublika üzrə orta məktəblərin və liseylərin atış simulyatorları ilə təchizatı Təhsil Nazirliyinin Nazirliyi və MSN-in Milli Aerokosmik Agentliyi (MAKA) arasında imzalanmış müqavilə çərçivəsində həyata keçirilir. Sözügedən müqavilə çərçivəsində respublika üzrə 200-ə yaxın məktəbdə “Gilavar” atış simulyatoru quraşdırılıb. Bununla yanaşı, pilot layihələr çərçivəsində bir neçə məktəb Türkiyə istehsalı olan atış simulyatorları ilə təchiz olunub.

Azərbaycanda 2014-cü ildən müxtəlif növ atış simulyatorlarının layihələndirilməsi və istehsalı sahəsində fəaliyyət göstərən “DN Technologies” şirkətinin direktoru Ceyhun Nabadov “Azeri Defence”ə açıqlamasında bildirib ki, rəhbərlik etdiyi şirkət təhsil müəssisələri və hərbi hissələri atış simulyatorları ilə təchiz etməklə bərabər, ordunun istifadəsində mövcud olan, digər ölkələrin istehsal etdikləri TƏİR qurğularının və kiçik çaplı atıcı silahların simulyatorlarının təmirini, servisini və yenilənməsini həyata keçirib.

Guns Software

MAKA tərəfindən məktəblərdə qurulan GİLAVAR atış simulyatoru

Ceyhun Nabadov bildirib ki, rəhbərlik etdiyi şirkətin təklif etidiyi məhsulların qiyməti bazara təklif edilən xaricdən gətirilmiş atış simulyatorlarından daha ucuzdur. Yerli proqramçılar tərəfindən işlənib hazırlanmış bu virtual təlim sistemlərinin təhsil müəssisələrinin texniki tapşırığına uyğun olaraq istənilən konfiqurasiyasını təqdim edə bilirlər.

“Biz orta məktəblər və hərbi təhsil müəssisələri üçün silahların virtual sökülüb yığılması dərs vəsaitini hazırlaya bilərik. Bunun üçün məktəbin hansısa təlim silahını almasına, üzərin hansısa riskləri götürməsinə ehtiyac qalmayacaq. Şagird bizim verdiyimiz proqram təminatı əsasında, kompüterdə silahın artırılmış gerçəklikdə modelini virtual olaraq söküb yığa bilər. Şagirdin- tələbənin qiymətləndirilməsi, buraxdığı səhvlər və nəticələri həmin proqram təminatı tərəfindən avtomatik şəkildə qiymətləndiriləcək”, – deyə şirkət rəhbəri vurğulayıb.

Ceyhun Nabadovun sözlərinə görə, “DN Technologies” son illər atış simulyatorları bazarında meydana çıxan yeni tələbləri qarşılamağa fokuslanıb: “Bura əsgərlərlə yanaşı zabitlərin simulyatorlarda təliminin şərt kimi qarşıya qoyulması, mövcud simulyatorlarda görüntülərinin reallığının artırılması, 3D modelləmə kimi tələblərin ortaya qoyulması, müxtəlif səhnələrin məşq edilməsi kimi tələblər daxildir. Bu tələblər əsasında bazarda mövcud simulyatorları inkişaf etdirməyə çalışırıq. Yeni modellərdə istifadəçilər daha geniş imkanlar əldə edəcəklər ”.

Azər Hüseynov

CATEGORIES