Ötən il Azərbaycan Ordusu Türkiyə silahlı qüvvələri ilə birlikdə 11 hərbi təlimdə iştirak edib

Azərbaycan Ordusunun şəxsi heyəti 2019-cu ildə Türkiyə Silahlı Qüvvələri ilə birlikdə mütəlif təyinatlı 11 beynəlxalq və ikitərəfli hərbi təlimdə iştirak edib.
Azeri Defence saytının Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan Ordusunun bölmələri 2019-cu ildə Türkiyədə keçirilmiş “Qış təlimi-2019”, “Erciyes-2019” Çoxmillətli Xüsusi Təyinatlı Qüvvələrinin birgə təlimi, “Anadolu Ulduzu-2019”, “Anadolu Ankası-2019”, “Kurtaran-2019” və “Anadolu Qartalı-2019” beynəlxalq təlimlərində iştirak ediblər.
Ötən il həmçinin Azərbaycanda iki ölkənin Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakıyla “Mustafa Kemal Atatürk-2019”, “Sarsılmaz Qardaşlıq-2019” və “TurAz Qartalı-2019” təlimləri, Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə “Eternity-2019” və “Qafqaz Qartalı-2019” təlimləri keçirilib.




